Kənd təsərrüfatı məhsulları istehsalçılarına təminatsız mikrokreditlərin verilməsi məqsədilə 30 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev aprelin 14-də "Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30,0 (otuz) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".