Prezident İlham Əliyev Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşılayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşıladığını bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bu ağır itkidən kədərini bu sözlərlə ifadə edib:
“Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım.
Feyzavər Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında mühüm rol oynamışdır. O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!
Bakı şəhəri, 25 aprel 2020-ci il”