Vətən qarşısında xidməti olanlara avtomobillər təqdim olunub - FOTOLAR
Ümummilli liderimiz Heydər Əliyev deyib: “Vətən müdafiəçiləri cəmiyyətimizdə ən hörmətli adamlardır. Bu adamlara qayğı göstərmək, onların problemlərini həll etmək hamının borcudur”.
Bu gün Naxçıvan Muxtar Respublikasında Vətənimizin müdafiəsi zamanı sağlamlıqlarını itirən şəxslər hərtərəfli qayğı ilə əhatə olunublar. Onların sağlamlıqlarının bərpası, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və minik avtombilləri ilə təmin olunması diqqət mərkəzində saxlanılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 9-da - faşizm üzərində Qələbənin 75-ci ildönümündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 5 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 1 nəfərə “NAZ-Lifan-330” markalı minik avtomobilləri təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmətlərin göstərilməsi, onların təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi daim diqqət mərkəzində saxlanılır. Cari ildə müvafiq kateqoriyalı 179 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 108 şəxsə müalicə müəssisələrinə göndəriş, 110 nəfərə texniki reabilitasiya vasitələri verilib, 120 nəfər protez-ortopedik məmulatlarla təmin edilib. Sosial qayğıya ehtiyacı olan 334 nəfərə evlərində, 6 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib. 6 ailəyə fərdi yaşayış evləri və mənzillər, 11 nəfərə minik avtomobilləri təqdim edilib. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən qayğıya görə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobillərin 9 May faşizm üzərində Qələbə Günündə təqdim olunduğunu bildirib, qələbənin 75 illiyi münasibətilə müharibə veteranlarını, həlak olmuş şəxslərin ailələrini, bütün muxtar respublika sakinlərini və tədbir iştirakçılarını təbrik edərək deyib: Bu gün avtomobillər həm də ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsində təqdim olunur. 10 may tarixi Azərbaycan xalqının siyasi taleyində mühüm xidmətləri olmuş dahi şəxsiyyətin doğum günüdür. Ümummilli liderimizin həyat və fəaliyyəti dövlətə və xalqa xidmətdən ibarət olmuşdur. Hansı vəzifədə işləməsində asılı olmayaraq ulu öndərimiz hər zaman Azərbaycan xalqının rifahını, Azərbaycan dövlətinin inkişafını düşünmüş, bu yolda fəaliyyət göstərmişdir.
Ali Məclisin Sədri deyib: Ümummilli liderimizin siyasi fəaliyyətində dövlət-xalq birliyi əsas yer tutur. Bu gün ulu öndərimizin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə dövlət-xalq birliyi daha da möhkəmləndirilir. Bunun nəticəsi olaraq xalq və Vətən qarşısında xidməti olanların əməyi layiqincə qiymətləndirilir. Bu gün avtomobillərin təqdim olunması da xidməti vəzifələrini layiqincə yerinə yetirən şəxslərə dövlətimiz tərəfindən verilən qiymətdir. Dövlətinə sədaqətli olan insanların əməyinin qiymətləndirilməsi isə digər vətəndaşlarımız üçün nümunədir.
Ali Məclisin Sədri Vətən qarşısında borclarını layiqincə yerinə yetirdiklərinə görə avtomobillə təmin olunanlara təşəkkürünü bildirmiş və avtomobillərin açarlarını təqdim edib.
Avtomobillə təmin olunanlar adından minnətdarlıq edən Qasım Məmmədov deyib: “Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial siyasətin bəhrəsini gündəlik həyatımızda hiss edirik. Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Qürurla xatırlayıram ki, 21 il bundan əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mənə “İgidliyə görə” medalını təqdim etmişdir. Bu gün isə ümummilli liderimizin anadan olmasının 97-ci ildönümü ərəfəsində avtomobillə təmin olunuram. İkiqat qürur və sevinc içindəyəm”.