Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin genişləndirilməsi üçün əlavə 40 hektar torpaq sahəsi ayrılır - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev mayın 13-də Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin genişləndirilməsi üçün Hacıqabul rayonu ərazisində 40 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək, sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Hacıqabul Rayon İcra Hakimiyyəti bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırsın".

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: