Naxçıvanda pandemiya ilə mübarizə sahəsində görülən işlər müzakirə olunub - FOTOLAR
Səhiyyə müəssisələrinə yeni tibbi avadanlıqlar təqdim edilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 14-də Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı tədbir keçirilib, bu məqsədlə alınan yeni tibbi avadanlıqlar muxtar respublikanın səhiyyə müəssisələrinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək deyib ki, koronavirus pandemiyasına qarşı muxtar respublikada kompleks qabaqlayıcı tədbirlər görülüb. Ali Məclis Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılıb və “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib. Fərmanda verilən tapşırıqlardan irəli gələrək fond üçün xüsusi xəzinə hesabı açılıb, vəsaitlərin fonda qəbulu və cəmləşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilib. Açılan xəzinə hesabının rekvizitləri ictimaiyyətə təqdim edilib, rəsmi internet saytı fəaliyyətə başlayıb, ianə edən fiziki və hüquqi şəxslər, həmçinin vəsaitlərin ümumi həcmi barədə məlumatlar yerləşdirilib. Ötən dövrdə fonda 437 hüquqi və 569 fiziki şəxs tərəfindən ümumilikdə 5 milyon 47 min 189 manat vəsait köçürülüb. Fondun vəsaitlərindən 3 milyon 326 min 861 manatı koronavirusla mübarizə tədbirlərinə xərclənib. Ali Məclis Sədrinin Sərəncamı ilə koronavirusla mübarizə tədbirlərində iştirak edənlərə mükafat və müddətli əlavələr ödənilib. Hazırda fondda 1 milyon 720 min 328 manat vəsait mövcuddur. Bu vəsait də pandemiya ilə mübarizə tədbirlərinə xərclənəcəkdir. Muxtar respublikada vergi ödəyicisi kimi qeydiyyatda olan 323 sahibkarlıq subyektinə işçilərinin əməkhaqlarının ödənilməsi, 6 min 282 fərdi sahibkara isə birdəfəlik maliyyə yardımının göstərilməsi üçün vəsaitlərin ayrılması nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva çıxış edərək deyib ki, yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiya elan olunan virusun muxtar respublikada yayılmasının qarşısı alınıb. Naxçıvan Muxtar Respublikasında ümumilikdə 7450 nəfər karantinə alınıb. Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib. Hazırda 417 nəfər karantində saxlanılır. Virusun laborator təyini üçün muxtar respublikada Polimer Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99-u müsbət reaksiyalı tam sağalma ilə evə yazılıb. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir. Səhiyyə müəssisələrində olan süni tənəffüs aparatları və oksigen konsentratorları işlək vəziyyətə gətirilib, əlavə 11 oksigen konsentratoru alınıb. Həmçinin Yoluxucu Xəstəliklər Mərkəzində əlavə kompressor və oksigen paneli quraşdırılıb, oksigen və təzyiqlə hava verilməsinin həcmi artırılıb. Kəskin böyrək çatışmazlığı olan xəstələrdə hemodializ seansı həyata keçirmək üçün bütün hazırlıq işləri görülüb, 40 funksional çarpayı alınıb. Eyni zamanda muxtar respublikaya 58 min 200 litr formalin alınaraq gətirilib, 10 milyon kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb. Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamlarına əsasən profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 1, 2 və 3 misli məbləğində mükafatlandırılıblar. Zeynəb Mustafayeva həyata keçirilən tədbirlərə görə bütün səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, yeni alınan tibbi avadanlıqların səhiyyə müəssisələri üzrə bölgüsü barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev deyib ki, karantin dövründə muxtar respublikada yaşı 65-i keçən tənha yaşayan ahılların evlərinə həftədə iki dəfə sosial könüllülərin ziyarətləri təşkil olunub, ümumilikdə 641 nəfərə sosial xidmət göstərilib. Verilən tapşırığa uyğun olaraq cari ilin mart-aprel aylarında Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan 1620 nəfərə ərzaq payları verilib. Eyni zamanda, muxtar respublikada təhsil alan və pandemiya səbəbindən ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə ərzaq təqdim olunub. Karantin dövründə muxtar respublika üzrə 412 ailənin 1839 ailə üzvünə ünvanlı dövlət sosial yardımı verilib, 17 ailəyə ünvanlı dövlət sosial yardımının verilmə müddəti uzadılıb. 790 obyektdə monitorinq aparılıb, 383 obyektdə işçilərin özhesabına məzuniyyətə buraxılmasının qarşısı alınıb. Həmçinin karantin dövründə Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən şəxslərə səyyar xidmətlər göstərilib, 110 sağlamlıq imkanları məhdud şəxsə 133 texniki reabilitasiya vasitələri verilib, 120 nəfərə protez-ortopedik xidməti göstərilib. Sosial qayğıya ehtiyacı olan 87 ailənin özünüməşğulluğu təmin edilib. Eyni zamanda karantin dövründə məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi prosesi davam etdirilib, bu məqsədlə 1600 nəfərə 190 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə koronavirusla mübarizə sahəsində qabaqlayıcı tədbirlər görülüb, martın 24-dən xüsusi karantin rejiminə keçirilib. Ölkə Prezidentinin də dediyi kimi: “Bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik”.
Ali Məclisin Sədri ölkəmizdə pandemiya ilə mübarizə və əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da koronavirusla mübarizə tədbirləri ilk günlərdən diqqətdə saxlanılıb, martın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib, Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyənləşdirilib, virusun aşkar edilməsi ilə bağlı müasir laboratoriya qurulub və lazımi tibbi ehtiyatlar yaradılıb. Səhiyyə müəssisələrinə ümumi dəyəri 2 milyon 970 min manat olan yeni tibbi avadanlıqların, dərman və ləvazimatların alınması da bu sahədə görülən işlərin davamıdır. Muxtar respublikada koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edənlərin sosial müdafiəsi də gücləndirilib, bununla bağlı müvafiq Sərəncamlar imzalanıb.
Ali Məclisin Sədri deyib: Karantin rejiminə uyğun olaraq muxtar respublikada bütün sahələrdə zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar tətbiq edilib, şəhər, qəsəbə və kəndləri əhatə etməklə hər bir yaşayış məntəqəsində, eləcə də ictimai yaşayış binalarında, idarə, müəssisə və təşkilatlarda dezinfeksiya işləri aparılıb. Təbii ki, pandemiya ilə mübarizədə səhiyyə müəssisələrinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mövcud infrastruktur, müasir tibbi avadanlıq və ləvazimatlarla təminat, ən əsası isə ixtisaslı həkim və tibb işçilərinin olması virusla mübarizədə əsas səbəbdir. Eyni zamanda qarşıya qoyulan vəzifələrin aid qurumlar tərəfindən vaxtında yerinə yetirilməsi və sakinlərin qaydalara düzgün əməl etməsi də pandemiyanın qarşısının alınmasında mühüm rol oynayıb.
Ali Məclisin Sədri muxtar respublikada pandemiya ilə mübarizə tədbirlərini həyata keçirənlərə - səhiyyə işçilərinə, gigiyena və epidemiologiya mərkəzlərinin kollektivlərinə, daxili işlər orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına, baytarlıq təbabəti işçilərinə, eləcə də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlərə təşəkkürünü bildirərək deyib: Mayın 2-dən etibarən Naxçıvan Muxtar Respublikasında pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin yumuşaldılmasına başlanılıb, yeni qaydalar müəyyənləşdirilib. Lakin bu, arxayınlaşma üçün əsas olmamalı, aid təşkilatlar və muxtar respublika əhalisi tətbiq olunan qaydalara ciddi əməl etməlidirlər. Səhiyyə Nazirliyi bundan sonra da izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzinin, eləcə də bütün tibb müəssisələrinin fəaliyyətini nəzarətdə saxlamalı, tibbi ehtiyatlar yaradılmalı, yeni alınmış avadanlıqlardan səmərəli istifadə olunmalı, test yoxlamaları davam etdirilməlidir. Nazirlik pandemiya ilə bağlı profilaktik tədbirləri, xüsusilə də əhalinin maarifləndirilməsini diqqətdə saxlamalı, risk qrupunda olan şəxslər qorunmalı, yeni yoluxma faktı təsdiq olunduqda həmin şəxslərlə təmasda olanlar dərhal karantinə alınmalıdır.
Ali Məclisin Sədri deyib: Maliyyə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitlərdən bundan sonra da səhiyyə müəssisələrinin sifarişi əsasında istifadəni təmin etməli, yeni tibbi avadanlıqların, dərman və digər zəruri ləvazimatların alınması diqqətdə saxlanılmalıdır. Daxili İşlər Nazirliyi yaşadığı yerdə karantində saxlanılan şəxslərə nəzarəti davam etdirməli, Fövqəladə Hallar və Səhiyyə nazirlikləri yaşayış məntəqələrində növbəti dezinfeksiya tədbirləri həyata keçirməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrin yaşayış minimumunun və məşğulluğunun təmin edilməsini diqqətdə saxlamalı, hər ay boş iş yerləri çıxarılaraq təqdim olunmalıdır.
“Pandemiya ilə mübarizə yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Əhalinin də tətbiq olunan qaydalara əməl etməsi vacib məsələdir. Ona görə də görülən bütün işlərdə sakinlər həmrəylik nümayiş etdirməli, ictimai yerlərdə və parklarda, eyni zamanda ictimai-iaşə obyektlərində zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmalıdır”, - deyən Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında hər kəsə uğurlar arzulayıb.
Sonra yeni alınan tibbi avadanlıqlara baxış olub.
“Nəqşicahanmed” Məhdud Məsuliyyəti Cəmiyyətin direktoru Cəlal Kərimov məlumat verib ki, pandemiya ilə mübarizə məqsədilə 2 dəst Ekstrakorporal Membran Oksigenasiya cihazı, 20 stasionar süni tənəffüs aparatı, 4 portativ süni tənəffüs aparatı, 2 hemodializ cihazı, 4 mobil rentgen cihazı, 30 infuziya pompası, 20 yataqbaşı kardiomonitor, 10 elektrosorucu, 40 funksional və pediatrik çarpayı alınıb. Yeni avadanlıqlar Yoluxucu Xəstəliklər, Diqnostika-Müalicə və Doğum mərkəzlərinə, Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Uşaq Xəstəxanasına, Şərur, Culfa və Ordubad rayon mərkəzi xəstəxanalarına, eləcə də Ordubad Uşaq Xəstəxanasına verilib. Ağciyərin və ürəyin fəaliyyətinin bərpasında, tənəffüs funksiyası pisləşən hallarda ağciyərlərə oksigen verilməsində, böyrəklərin fəaliyyətinin bərpa olunmasında, maye, qan və qan əvəzedicilərin damar daxilinə yeridilməsində, tənəffüs yollarına toplanan selik və digər ifrazatların təmizlənməsində istifadə olunacaq yeni avadanlıqlar bu sahədə tətbiq olunan ən müasir texnologiyaya əsaslanır.