Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat - FOTOLAR
Şərur rayonunun Muğancıq-Mehrab, Muğancıq-Müslüm və Məmmədsabir kəndlərində kompleks quruculuq işləri aparılıb
Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışına hesablanıb. “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”,- deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu sahədə görülən işlər Şərur rayonunun da hərtərəfli inkişafına səbəb olub. Rayonun yaşayış məntəqələrində tikinti-quruculuq və abadlıq tədbirləri geniş vüsət al;b.
Muğancıq-Mehrab kənd tam orta məktəbinin
yeni binası istifadəyə verilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 18-də Muğancıq-Mehrab kənd tam orta məktəbinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, 224 şagird yerlik iki mərtəbəli məktəbdə 16 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı yerləşir. Məktəbin kitabxana fondunda 905-i dərslik və 2760-ı bədii ədəbiyyat olmaqla 3665 kitab vardır. Burada ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşələr yaradılıb.
Kompüter otağında şagirdlərin informasiya texnologiyalarının sirlərinə yiyələnmələri üçün bütün imkanlar yaradılıb, məktəbdə internetə çıxışı olan 18 kompüter və 3 elektron lövhə quraşdırılıb.
İdman zalında yaradılan şərait, eləcə də məktəbin həyətində açıq idman qurğularının istifadəyə verilməsi şagirdlərin fiziki tərbiyəsində mühüm rol oynayacaqdır. Hərbi kabinə isə dərslərin lazımi səviyyədə keçirilməsinə, gənclərdə hərbi vətənpərvəlik tərbiyəsinin formalaşması və hərb sənətinə marağın artırılmasına imkan verəcəkdir.
Elektron lövhə sinfində "Muxtariyyətin 95 ili" filmi nümayiş olunub.
Sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, təhsilin inkişafı, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Elektron təhsilin təşkili, interaktiv və nümunəvi dərslərin keçirilməsi muxtar respublika təhsilinin inkişafında mühüm rol oynayır. Bunun nəticəsidir ki, tədrisin dayanmasına baxmayaraq, şagirdlərin dərslərindən geri qalmaması, müəllimlər tərəfindən fənlər üzrə onlayn dərslərin tədrisi mümkün olub. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən Fəaliyyət Proqramında bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi və yaradılan şəraitdən səmərəli istifadə, innovasiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı əsas prioritet sahə kimi müəyyənləşdirilmişdir. Hazırda Şərur rayon Şəhriyar, Qarabürc, Babək rayon Nəcəfəlidizə, Ordubad şəhər 1 nömrəli və Nüsnüs, Culfa rayon Camaldın kənd tam orta məktəblərində, Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyəti üçün inzibati binada tikinti və yenidənqurma işləri aparılır. Rəhman Məmmədov göstərilən qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq etmişdir.
Muğancıq-Mehrab kənd tam orta məktəbinin müəllimi Türkanə Musayeva demişdir: “Muxtar respublikamızda şagirdlərin təhsil almaları üçün hərtərəfli şərait yaradılmışdır. Bu müəllimləri daha da ruhlandırır, səylə çalışmağa sövq edir. Kəndimiz müasirləşən kəndlər sırasına qoşulmuş, tamamilə yenidən qurulmuşdur. Aparılan quruculuq işlərinin nəticəsi kimi kollektivin istifadəsinə nümunəvi tədris şəraiti olan müasir məktəb binası verilir. Yaradılan şərait imkan verəcəkdir ki, şagirdlərimizin bilikli, vətənpərvər və milli dəyərlər ruhunda tərbiyə olunması istiqamətində səmərəli fəaliyyət göstərək. Ona görə də kollektivimiz adından minnətdarlığımızı bildirir və əmin edirik ki, gənc nəslin təlim-tərbiyəsində səylə çalışacağıq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muğancıq-Mehrab kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”, - fikrini xatırladaraq demişdir: Ulu öndərimiz bu vəzifələri əsas tutaraq tövsiyə edirdi ki, orta məktəbi bitirən hər bir gənc mütləq özünə peşə seçməli, peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsilini davam etdirməlidir. Ümumtəhsil məktəblərində yaradılan şərait gənclərə peşə seçmək və gələcəkdə o peşə üzrə təhsillərini davam etdirməyə imkan verir. Bu gün istifadəyə verilən və müasir maddi texniki bazaya malik olan Muğancıq-Mehrab kənd tam orta məktəbində də şagirdlərin hərtərəfli təhsil alması, eləcə də peşə seçməsi üçün lazımi şərait vardır. Məktəbdə elektron lövhələr, kompüter sinfi, laboratoriyalar, kitabxana, fənn kabinələri və digər zəruri tədris avadanlıqları kollektivin istifadəsinə verilir. Həmçinin məktəbdə bütün ixtisaslarüzrə müəllimlər fəaliyyət göstərir.
Ali Məclisin Sədri demişdir: Son 5 ildə məktəbin məzunlarının 70 faizi, ötən tədris ilində isə məktəbi bitirən 3 məzunun hər biri ali məktəblərə qəbul olmuş, onlardan ikisi 500-700 arasında bal toplamışdır. Qazanılan nailiyyətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, məktəbin 1 müəllimi “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 müəllimi isə “İlin müəllimi” adına layiq görülmüşdür. Kollektiv bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməli, hər bir gənc hərtərəfli təhsil almalı, peşə öyrənməli, ailəsi və ölkəmiz üçün yararlı vətəndaşa çevrilməlidir. Müəllimlər təhsilli, vətənpərvər və peşə sahibi olan gənclərin yetişdirilməsinə diqqəti artırmalı, keçilən dərsləri şagirdlərə qavramaq yolu ilə öyrətməlidirlər. Dövlətimiz tərəfindən bu işlərin görülməsində məqsəd ondan ibarətdir ki, məktəbi bitirən hər bir gənc gələcəkdə ölkəmizin inkişafına öz töhfəsini vermiş olsun.
Ali Məclisin Sədri qarşıda qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamışdır.
Məktəbin həyətində bufet və fərdi qazanxana tikilmiş, geniş abadlıq işləri aparılmış, yaşıllıq salınmış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir.