Prezident İlham Əliyev iyunun 2-də “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” (bundan sonra – Strategiya) təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 (üç) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".