Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobus verilib - FOTOLAR
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəqliyyat sektorunun inkişafı, xüsusilə sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün muxtar respublikada şəhərdaxili və rayonlararası sərnişindaşıma xidməti tələbata uyğun həyata keçirilir. Sərnişindaşıma təsərrüfatının maddi-texniki bazası ilbəil gücləndirilir, müasir avtobuslar alınaraq xəttə buraxılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 22-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobus təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev çıxış edərək deyib ki, muxtar respublikada müasir standartlara cavab verən yolların çəkilməsi, bütün xidmət imkanlarına malik avtovağzalların istifadəyə verilməsi, beynəlxalq marşrutlarda, eləcə də Naxçıvan şəhərdaxili nəqliyyatda iritutumlu, yüksək komfortlu avtobusların xəttə buraxılması nəqliyyat xidmətinin inkişafına səbəb olub. Sərnişindaşıma sahəsində operativliyin və əhalinin rahatlığının təmin edilməsi məqsədilə son vaxtlar Naxçıvan şəhərdaxili nəqliyyatında 9 və 10 nömrəli marşrutlar açılıb, həmçinin Naxçıvan-Əshabi-Kəhf, Heydərabad-Naxçıvan, Boyəhməd-Naxçıvan, Kəngərli-Naxçıvan marşrutları fəaliyyətə başlayıb. Hazırda muxtar respublikada rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib, sərhəd və ucqar dağ kəndlərinə işləyən avtomobillərin hərəkətinə diqqət artırılıb. Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin də maddi-texniki bazası möhkəmləndirilib. Təqdim olunan yeni avtobuslar bu sahədə görülən işlərin davamıdır. Əli Hüseynəliyev muxtar respublikada nəqliyyatın inkişafına göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikası uzun illərdir blokada şəraitində yaşayır. Ona görə də əhalinin ictimai nəqliyyatdan rahat istifadəsi üçün lazımi tədbirlər görülür. Naxçıvan - Bakı istiqamətində hava nəqliyyatının fəaliyyət göstərməsi, Naxçıvan şəhərindən Bakı şəhərinə, qarşılıqlı müqavilələr əsasında Türkiyə və İrana avtobus marşrutlarının açılması, eləcə də muxtar respublika daxilində sərnişindaşıma xidmətinin təşkili imkan verir ki, əhali daxili və beynəlxalq sərnişindaşıma xidmətindən rahat istifadə etsin.
Ali Məclisin Sədri deyib: Muxtar respublika daxilində bütün yaşayış məntəqələrini əhatə etməklə 140-a yaxın marşrut xəttində dövlət və şəxsi nəqliyyat vasitəsilə, eləcə də taksilərlə əhaliyə sərnişindaşıma xidməti göstərilir. Bu da xidmətin düzgün rəqabət şəraitində təşkilinə hesablanıb. Təqdim olunan yeni avtobuslar Naxçıvan şəhərdaxili marşrutunda fəaliyyət göstərəcəkdir. Naxçıvan şəhəri muxtar respublikanın paytaxtıdır. Ona görə də hər gün rayon mərkəzi və kəndlərdən Naxçıvan şəhərinə marşrutlar işləyir. Əhali Naxçıvan şəhərinə daha çox gəlir. Bütün bunlar da şəhərdaxili sərnişindaşıma xidmətinin müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Tələbata uyğun alınan müasir avtobuslar sərnişinlərə yüksək səviyyəli xidmət göstərməyə imkan verəcəkdir.
Ali Məclisin Sədri deyib: Hər həftə sonu Naxçıvan şəhərində kənd təsərrüfatı yarmarkaları keçirilir, təsərrüfat sahibləri öz məhsullarını satışa çıxarırlar. Bu səbəbdən də Dövlət Nəqliyyat Xidməti kəndlərdən Naxçıvan şəhərinə, eləcə də yarmarkaların keçirildiyi ərazilərə marşrut xidmətinin təşkilinə xüsusi diqqət yetirməlidir. Eyni zamanda avtobuslardan səmərəli istifadə olunmalı, onlara vaxtında texniki qulluq göstərilməlidir.
“Yeni avtobuslar sərnişindaşıma xidmətini yaxşılaşdırmaqla yanaşı, həm də 12 nəfər işlə təmin olunacaqdır”, - deyən Ali Məclisin Sədri yeni avtobuslardan istifadə edəcək sürücülərin seçiminə diqqət yetirilməsi və xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.
Baxış zamanı bildirilib ki, Naxçıvan şəhərində sərnişindaşıma xidməti 10 marşrut xəttində 66 avtobusla həyata keçirilir. Yeni alınan “KİNG-LONG” markalı 6 avtobusun hər biri 22-si oturacaq, 20-si ayaqüstü olmaqla, 42 sərnişin yerlikdir. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar yumşaq oturacaqlar, siyirməli şüşələr, yanğınsöndürən balonlar, dərman çantası, ön, yan və arxa tərəfində elektron məlumat lövhələri, havalandırma sistemi ilə təchiz edilib. Avtobusların mühərrik bölməsində avtomatik işə salınan yanğınsöndürən, eləcə də hər hansı texniki problem zamanı qapıların mexaniki üsulla açılmasına imkan verən xüsusi qurğu quraşdırılıb. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki “Avro 5” standartına uyğundur.
Yeni avtobusların şəhərin mərkəzi küçə və prospektlərində fəaliyyət göstərən 3, 4 və 5 nömrəli marşrutlarda işləməsi nəzərdə tutulub. Avtobuslarla birlikdə dəyəri 66 min manat olan ehtiyat hissələri də alınıb gətirilib ki, bu da əvvəlki illərdə gətirilmiş və təmirə ehtiyacı olan avtobusların daim saz vəziyyətdə saxlanılmasını təmin edəcəkdir.