Prezident İlham Əliyev iyunun 24-də Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon (on üç milyon səkkiz yüz min) manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".