Azərbaycan-Türkiyə sənədləri imzalanıb - FOTOLAR
Aprelin 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”nu imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Sazişin tətbiqi ilə bağlı ikiillik (2018-2019) İş Proqramı”nı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylan imzaladılar.
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair Protokol”u Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar imzaladılar.