Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb - FOTOLAR

A- A A+

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 2-də Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzlərində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə yaradılmış innovativ dərnəklərin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dərnəklərin fəaliyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, hazırda Şərur rayonunda 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ali Məclis Sədrinin tapşırığına əsasən Şərur rayonunun Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzləri üçün Şərur Texniki Peşə və Sürücülük Məktəbində zəruri şərait yaradılıb, 210 yerlik 15 sinif otağı, mərkəzlərin işçiləri üçün isə 2 otaq ayrılıb. Hazırda mərkəzlərdə 48 dərnək fəaliyyət göstərir.

Bu il Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, rəsm, xalçaçılıq, bijuteriya, ebru sənəti, toxuculuq, ingilis dili, Texniki Yaradıcılıq Mərkəzində robotexnika, mental-aritmetik, ağac üzərində oyma, ağac üzərində yandırma, bədii tikmə, qum sənəti, metal üzərində bədii döymə, Turizm-Diyarşünaslıq Mərkəzində isə heykəltəraşlıq və dulusçuluq olmaqla, ümumilikdə 16 innovativ dərnək yaradılıb. Dərnəklər üçün 4 elektron lövhə, 14 kompüter quraşdırılıb, 10 robot dəsti, 5 hana və toxuma alətləri, ebru vannaları, boya və xüsusi kağızlar, mis lövhələr, 10 elektriklə yandırma aləti, elektrikli dəzgah, 7 elektrikli qum stolu, 20 dəst rəqs geyimi, 15 molbert, 12 heykəltəraşlıq və dulusçuluq dəzgahı, eləcə də lazım olan digər ləvazimatlar, xammal və mebellər alınıb.

Robotexnika dərnəyində şagirdlərin dəqiqlik, analitik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək bacarıqları formalaşacaq, həmçinin təhsil müəssisələrində əldə etdikləri bilikləri real tətbiqetmə imkanı qazanacaqlar. Mental-aritmetik dərnəyi isə şagirdlərdə riyazi təfəkkürün inkişafını, yaddaşın və qavramanın, həmçinin özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsini formalaşdıracaqdır.

Yeni dərnəklər yaradılarkən uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması da nəzərə alınıb. Rəsm, qum və ebru sənəti, dulusçuluq, heykəltəraşlıq, bədii tikmə, metal üzərində döymə, bijuteriya, ağac üzərində yandırma, ağac üzərində oyma, toxuculuq və xalçaçılıq dərnəkləri xalq yaradıcılığımızın və dekorativ tətbiqi sənət nümunələrimizin sirlərini gənc nəslə öyrətmək və bunları yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Yeni innovativ dərnəklərin yaradılması müasir dövrün tələbidir. Muxtar respublikada bu işə Naxçıvan şəhərində başlanılıb, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni innovativ dərnəklər yaradılıb və yaxşı nəticələr qazanılıb. Belə ki, həmin dərnəklərə cəlb olunan uşaqların əl işlərindən ibarət “İstedadlı şagirdlər” albom-kataloqu nəşr olunub. Şərur rayonundakı məktəbdənkənar təhsil müəssisələrində 48 dərnək fəaliyyət göstərir ki, bunların da 16-sı yeni yaradılan innovativ dərnəklərdir. Hazırda Culfa rayonunun məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti və orada yeni innovativ dərnəklərin yaradılması istiqamətində işlər görülür. Ordubad rayonunda da bu sahədə tədbirlər başa çatmaq üzrədir.

Ali Məclisin Sədri deyib: Bu gün Şərur rayonunun məktəbdənkənar təhsil müəssisələrində 1350-ə yaxın dərnək üzvü vardır. Yeni innovativ dərnəklərin fəaliyyətə başlaması dərnək üzvlərinin sayını daha da artıracaqdır. Şagird və gənclərin dərnəklərə cəlb olunması həm onların asudə vaxtlarının səmərəli təşkilinə, həm də istedadlarının üzə çıxarılması və milli dəyərlərimizi öyrənmələrinə xidmət edəcəkdir. Bütün bunlar isə sağlam gəncliyin inkişafında əsas məsələdir. Şagirdlər məktəbdə təhsil almaqla peşə öyrənirlərsə, dərnəklərdə də öz qabiliyyətlərini inkişaf etdirərək ikinci bir sənətə sahib olurlar.

Ali Məclisin Sədri muxtar respublikada innovativ dərnəklərin yaradılmasının və fəaliyyətin təmin olunmasının əhəmiyyətini vurğulayıb, bu işdə əməyi olanlara təşəkkür edib.

Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Vaqif Cabbarov deyib ki, muxtar respublikada şagirdlərin təhsili yüksək səviyyədə təşkil olunmaqla bərabər, asudə vaxtlarının səmərəli keçirilməsi üçün də bütün şərait yaradılıb. Bu gün rayonumuzda ilk dəfə yaradılan innovativ dərnəklərin təqdimatı olur. Göstərilən qayğıya görə minnətdarlığımızı bildiririk.

Sonra Ali Məclisin Sədri Fizika-Riyaziyyat Təmayüllü Liseydə yaradılan dərnəklərin fəaliyyəti ilə maraqlanıb.

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə robotexnika və mental-aritmetik dərnəyi yaradılıb, 3 otaq ayrılıb. Robotexnika dərnəyi üçün 1 kompüter dəsti, 10 notbuk, 1 printer, 10 robot dəsti alınmış, tədris və emalatxana üçün mebel dəsti və 1 elektron lövhə quraşdırılıb. Mental-aritmetik dərnəyi üçün isə 1 elektron lövhə və mebel avadanlığı quraşdırılıb, hesablama alətləri alınıb.

Məktəbdənkənar təhsil müəssisələrində və Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər üçün ayrılmış sinif otaqlarında təmir işləri aparılıb, kompüter və elektron lövhələr internetə qoşulub. Bildirilib ki, innovativ dərnəklər sağlamlıq imkanları məhdud uşaq və gənclərin də asudə vaxtlarının səmərəli təşkilinə geniş imkanlar açır.

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin müəllimi Murad Heydərov deyib: “Müəllimlər Ali Məclis Sədrinin diqqət və qayğısını daim üzərlərində hiss edirlər. Mən özüm də “Tərəqqi” medalı ilə təltif olunmuşam. Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması və tədrisin yüksək səviyyədə təşkili bunun əyani nümunəsidir. Liseyimiz son 3 ildə yüz faizlik nəticə ilə qəbul vermişdir. Pandemiya dövrünə baxmayaraq Ali Məclis Sədrinin tapşırığı ilə muxtar respublikanın bütün təhsil müəssisələri onlayn şəkildə dərslərə qoşulur. Fizika-Riyaziyyat Təmayüllü Lisey də bunun öhdəsindən lazımınca gəlib. Bu gün göstərilən qayğının nəticəsidir ki, liseydə innovativ dərnəklər yaradılıb. Bu dərnəklər şagirdlərin intellekt səviyyəsinin yüksəldilməsinə, onların bilik və bacarıqlarının, həmçinin yaradıcılıq qabiliyyətlərinin artırılmasına öz töhfəsini verəcəkdir. Yaradılan şəraitə görə liseyin kollektivi adından minnətdarlıq edirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: