Prezident İlham Əliyev ABŞ-ın Müstəqillik Günü münasibətilə Prezident Donald Trampı təbrik edib

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa 4 iyul – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısı məktubda 30 ilə yaxındır Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında uğurlu əməkdaşlıq münasibətlərinin mövcud olduğunu bildirib. Qeyd edib ki, bu illər ərzində ABŞ şirkətləri ölkəmizdə enerji sektorunun, informasiya-kommunikasiya texnologiyalarının və digər vacib sahələrin inkişafında mühüm rol oynayıblar.

Eyni zamanda, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmlə mübarizə sahəsində də ölkələrimizin nümunəvi əməkdaşlıq əlaqələri qurduqlarını vurğulayan Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra daha da genişlənəcək.

“Ümid edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə ədalətli həlli istiqamətində səylərini daha da artıracaqdır.

Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının Amerika xalqı ilə həmrəy olduğunu bir daha qeyd etmək istəyirəm”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev Prezident Donald Trampa möhkəm cansağlığı, işlərində uğurlar, Amerika Birləşmiş Ştatlarına daim rifah arzulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: