Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub - FOTOLAR

A- A A+

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin təməli qoyulub. Bu gün Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf təmin edilib, dövlət-xalq birliyi və sabitlik yaranıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 14-də - ulu öndərin ölkəmizə rəhbər seçilməsinin 51-ci ildönümündə Azərbaycan Respublikasının medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilib.

Əvvəlcə Tovuz rayonu ərazisində işğalçı Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi yad edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: 14 iyul Azərbaycan tarixində əlamətdar gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkəmizdə hərtərəfli inkişafın əsası qoyulub. Həmin dövrdə Azərbaycan ittifaq respublikaları içərisində ən axırıncı yerdə olduğu halda, qısa müddət ərzində Sovetlər Birliyinin inkişaf etmiş respublikasına çevrilib.

Ali Məclisin Sədri deyib: Ötən əsrin 90-cı illərinin əvvəlində Heydər Əliyevin siyasətindən kənarlaşması nəticəsində Azərbaycan faciələrlə üzləşdi. Lakin 1993-cü ildə ümummilli liderimizin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı sabitliyə, inkişaf və tərəqqiyə qovuşdurdu. Hazırda bu yolun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik və inkişaf vardır. Azərbaycan inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Ölkəmizin inkişafında xidməti olanların, fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən qiymətləndirilir. Bu gün təltif olunanlar, dövlətimizin ali mükafatlarına layiq görülənlər də çalışdıqları sahələrdə əməkləri ilə seçilən, fərqlənən şəxslərdir.

Ali Məclisin Sədri təltif olunanları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikası medallarının və fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Təltif olunanlardan Yəhya Allahverdiyev, Nəsimi Abbaslı, Mayis Əliyev, Qurban Cəfərov, Dünyamalı Əkbərov, Həsən Hacıyev minnətdarlıq edərək deyiblər ki, əlamətdar tarixi gündə təltif olunmaq ikiqat şərəfdir. Bu gün Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişaf edir, tərəqqiyə qovuşur. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi dayanır. Muxtar respublikada geniş quruculuq işləri aparılır, bütün yaşayış məntəqələri müasirləşdirilir, insanlar rahat yaşayırlar. Bu inkişaf hər bir sakini doğma torpağa daha sıx tellərlə bağlayır. Təltif olunanlar bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi yolunda səylə çalışacaqlarına söz veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə təhsil sahəsi üzrə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi İnci Nəsirovanın və idman sahəsi üzrə Babək rayon Vayxır kənd tam orta məktəbin şagirdi Vüsal Seyidovun adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının "Qızıl kitabı"na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Ali Məclisin Sədri təqaüd kartlarını gənc istedadlara təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

Təqaüdçü gənc İnci Nəsirova deyib: “Əldə etdiyim uğurların əsasında Ali Məclis Sədrinin şagirdlərə yaratdığı yüksək səviyyəli təhsil şəraiti dayanır. İstedad və bacarıqlarımızın üzə çıxarılmasında göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bundan sonrakı təhsil həyatımda daha da səylə çalışacaq və göstərilən etimadı doğruldacağam”. 

Təqaüdçü gənc Vüsal Seyidov deyib: “Muxtar respublikada təhsil ilə yanaşı, idmana da xüsusi qayğı göstərilir. Mən muxtar respublika, ölkə və xarici yarışlarda iştirak edib, uğurlar qazanmışam. Buna görə də özüm və valideynlərim adından minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bundan sonra da etimadı doğruldaraq bütün yarışlarda yüksək nəticələr qazanım”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: