NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.
Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb.
Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.
Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.
Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.