Prezident İlham Əliyev iyulun 31-də İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Əhalinin məşğulluğunun təmin edilməsi sahəsində aparılan işlərin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi, ərazisinin genişləndirilməsi ilə bağlı köçürülmə və tikinti işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsində bu Sərəncamın 1-ci hissəsində göstərilən Mərkəzin tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".