Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisinə 15 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev iyulun 31-də Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 15,0 (on beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən körpünün tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".