Ağsu və Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 6 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev avqustun 20-də Azərbaycan Respublikasının Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:
1. Zəlzələlər nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".