"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib - FOTOLAR
Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər müdafiə təhlükəsizliyini tam təmin etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvandakı ordu, birləşmə və hissələri mühüm təşkilatlanma və inkişaf yolu keçmiş, xidmət günün tələbləri səviyyəsində qurulmuşdur. "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında da maddi-texniki baza xeyli gücləndirilmiş, sərhəd xidmətində geniş quruculuq işləri aparılmış, infrastruktur yenilənmiş, şəxsi heyətin peşəkarlığı artırılmışdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, avqustun 22-də - "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümündə 8-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.
Bildirilib ki, zastavada tikinti işlərinə 2019-cu ildə başlanılıb. Kompleksə qərargah, sərhədçi ailələri üçün yaşayış binaları, eləcə də digər xidməti və yardımçı binalar daxildir. İkimərtəbəli qərargah binasında 48 yerlik yataqxana, 32 yerlik yeməkxana, anbar və iş otaqları yerləşir. Yaşayış binasında hər biri 2 otaqdan ibarət 8 mənzil vardır. Mənzillər təmir olunub, lazımi məişət əşyaları və mebel dəstləri qoyulub, istilik sistemi ilə təchiz edilib. Ərazidə hamam-camaşırxana, qazanxana, əşya, ərzaq, tərəvəz, yanacaq-sürtkü materialları və silah anbarları, avtomobillər üçün 2 saxlanc yeri tikilib. Eyni zamanda xidməti heyvanların saxlanması üçün yardımçı bina istifadəyə verilib, vertolyot meydançası yaradılıb və müşahidə qülləsi təmir edilib.
1-ci Sərhəd Komendantlığının sərhəd zastavaları tam şəkildə video-nəzarət sistemi ilə təchiz olunub, HD görüntü keyfiyyətinə malik 8 idarəolunan və 21 sabit kamera quraşdırılıb. 11 sabit və 2 idarəolunan kamera 8-ci sərhəd zastavasının xidmət sahəsini əhatə edir. Çəkilən video-kadrlar uzun müddət sistemin yaddaşında saxlanılır.
Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Xidməti ərazidə istifadəyə verilən yaşayış binasında zabit ailələri yaşayacaqlar. Zastava üçün istifadəyə verilən əsgəri-məişət kompleksində və yeni yaşayış binasında hərtərəfli şərait vardır. Yeni yaşayış kompleksinin istifadəyə verilməsi ailələrin rahatlığının təmin olunması ilə yanaşı, eyni zamanda xidmətin də uğurlu təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri sərhədçi uşaqlarına hədiyyələr təqdim edib.
Sərhədçi ailələri adından minnətdarlıq edən Heyran Əliyeva deyib: "Hərbçi ailələrinə göstərilən yüksək qayğı sayəsində ailə-məişət şəraitimiz xeyli yaxşılaşdırılıb. Bu gün yeni yaşayış binası istifadəmizə verilir. Biz sərhədçi ailələri bunun sevincini yaşayır və dövlətimizlə qürur duyuruq".
Sonra şəxsi heyətlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü və 8-ci sərhəd zastavasının yeni yaşayış və xidmət kompleksinin istifadəyə verilməsi münasibətilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətini, sərhədçi ailələrini təbrik edib, sərhəd zastavasının yeni kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.
Ali Məclisin Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi ordu quruculuğu tədbirləri sırasında sərhəd qoşunlarının formalaşması və inkişafı mühüm yer tutur. 1992-ci il avqustun 22-də ulu öndərin rəhbərliyi ilə Naxçıvandakı sərhəd dəstəsində müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmış və bununla da ilk milli sərhəd dəstəsinin təməli qoyulmuşdur. 1992-ci il sentyabrın 19-da isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Naxçıvan Muxtar Respublikasının müdafiəsi və sərhədlərinin qorunmasının təşkili haqqında” qərar qəbul etmiş, bu qərardan 10 gün sonra - sentyabrın 29-da Naxçıvandakı 41-ci sərhəd dəstəsi ləğv olunmuş və onun funksiyaları, bütün hərbi və təsərrüfat əmlakı 1-ci sərhəd dəstəsinə təhvil verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev bu barədə demişdir: “Naxçıvanın qonşu İran və Türkiyə ilə sərhədləri on illər boyu rus qoşunları tərəfindən qorunmuşdur. Biz keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın 41-ci Sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının 1-ci dəstəsi yaradıldı. Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, hətta gələcək nəsillər tərəfindən layiqincə qiymətləndirilməlidir”.
Ali Məclisin Sədri deyib: Ümummilli liderimizin ali hakimiyyətə qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələri tam təşkilatlanma və inkişaf yolu keçmiş, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında nümunəvi və peşəkar sərhəd qüvvələri formalaşmışdır. Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanları ilə 2004-cü il yanvarın 14-də Naxçıvan Sərhəd Dəstəsinin əsasında “Naxçıvan” Sərhəd Diviziyası, 2015-ci il avqustun 17-də isə “Naxçıvan” Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmış, vəzifə və səlahiyyətlər artırılmışdır.
Qeyd olunub ki, bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoymuşdur. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 14 sərhəd zastavası, eləcə də 2 sərhəd komendantlığı üçün yeni yaşayış və xidmət kompleksləri istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, sərhədçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılmışdır. Eyni zamanda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Naxçıvan şəhərindəki hərbi şəhərciyində və zastavalarda sərhədçi ailələri üçün xidməti yaşayış binaları tikilmiş, mövcud binalar yenidən qurulmuşdur. Bu illər ərzində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının inkişafı təkcə maddi-texniki bazanın gücləndirilməsi ilə məhdudlaşmamış, diviziyanın təşkilati cəhətdən formalaşması da diqqətdə saxlanılmışdır. Qərargahın, sərhəd komendantlıqlarının və zastavaların, çevik hərəkət taborunun ştat sayı xidmət funksiyalarına uyğun artırılmış, döyüş hazırlığı bölməsi, təlim-tədris mərkəzi, zenit artilleriya və mühəndis-istehkam bölükləri, 2-ci sərhəd komendantlığı və onun tərkibində sahil mühafizə qrupu yaradılmış, xidmət günün tələbləri səviyyəsində qurulmuşdur.
“Sərhəd ölkə üçün vacib sahə, onu qorumaq isə şərəfli işdir”,- deyən Ali Məclisin Sədri bildirib ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti bundan sonra da hərbi intizama ciddi əməl etməli, sərhəd nəzarəti və xidməti fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, hərbi qulluqçuların peşəkarlığı artırılmalıdır. Sərhədçilər sərhədlərin mühafizəsi ilə yanaşı, həm də narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizədə sayıqlıq göstərməli, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmalıdır. Sərhəd hər bir ölkənin müstəqillik rəmzidir. Sərhədləri etibarlı qorunan ölkədə inkişaf və sabitlik də davamlı olur. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti də Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik sərhəd ərazisini etibarlı mühafizə edir.
Ali Məclisin Sədri xidməti nümunəvi təşkil etdiklərinə görə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinə təşəkkürünü bildirib, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun”.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev çıxış edərək deyib: “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının keçdiyi inkişaf yolu, xidmətin günün tələbləri səviyyəsində qurulması, eləcə də 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi yaradılan şəraitin və görülən işlərin nəticəsidir. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Diviziyanın maddi-texniki bazasını möhkəmləndirmiş, hərbi qulluqçuların xidmət və məişət şəraiti xeyli yaxşılaşmışdır. Niyaməddin Tağıyev yaradılan şəraitə görə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Şəxsi heyət "Hamı bir nəfər, bir nəfər hamı üçün" şüarını səsləndirib.
Sonra Azərbaycan Respublikasının medallarının təqdimatı olub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Sərəncamına əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabitləri “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını təqdim edib.
Təltif olunan zabitlərdən Rauf Mirzəliyev deyib: "15 ildir Naxçıvan Qarnizonunda xidmət edirəm. Bu müddət ərzində ordu quruculuğuna göstərilən diqqət və qayğı hərbçilərin xidmətinə öz müsbət təsirini göstərmişdir. Mən və yoldaşlarım bu yüksək dövlət təltifinə görə minnətdarlığımızı bildirir və söz veririk ki, bundan sonra da dövlət sərhəddinin etibarlı mühafizəsini təmin edəcək, Vətənimizə ləyaqətlə xidmət edəcəyik".
Əsgər Fariz Əlizadə minnətdarlıq edərək deyib: "Vətən sərhəddən başlanır. Sərhədlərimizin mühafizəsi üçün muxtar respublikamızda yaradılan hərtərəfli şərait məsuliyyətimizi daha da artırır. Şəxsi heyətin yaşayışı, qidalanması və xidməti üçün bütün imkanlar var. Çalışacağıq ki, mövcud şəraitdən düzgün istifadə edək".
Ali Məclisin Sədri şəxsi heyətlə xatirə şəkli çəkdirib.
Zastavada nəzarət-buraxılış məntəqəsi, sıra meydanı, idman şəhərciyi, təlim meydançası, sərhədçi ailələri və şəxsi heyət üçün istirahət və əyləncə parkı məntəqəsi yaradılmışdır. Ərazidə 2 subartezian quyusu qazılmış, sutəmizləyici qurğu, 250 kilovoltluq transformator və generator quraşdırılmış, kanalizasiya xətti çəkilmişdir. 4 hektar sahədə abadlıq işləri aparılmış, 2 minə yaxın ting və gül kolu əkilmiş, sərhəd zastavasına 2100 metr məsafədən yol çəkilmişdir.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına "NİVA" markalı iki xidməti avtomobil təqdim olunub.
Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.
Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilib.