Prezident İlham Əliyev Xalq şairi Fikrət Qocaya məktub göndərib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məktubda deyilir:
"Hörmətli Fikrət Qoca!
Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və müvəffəqiyyətlər arzulayıram.
Siz Azərbaycan ədəbiyyatının parlaq ənənələrindən və dünya poeziyasının nailiyyətlərindən məharətlə bəhrələnərək özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın söz sənəti xəzinəsinə layiqli töhfələr bəxş etmisiniz. Qüvvətli yenilik hissinin hakim olduğu, lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin poeziyanız ənənə ilə novatorluğun vəhdətinin təcəssümüdür. Dilimizə sevgi və ehtiramla yaratdığınız poetik nümunələrə bəstələnmiş çox sayda mahnılar bu gün də dillər əzbəridir.
Dünyada baş verən hadisələrə həssas şair yanaşmasının ifadəsinə çevrilən yaradıcılığınız daim dərin ictimai məzmun daşımışdır. Azadlıq və istiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlamağınız, ədəbiyyatımızın yeni nailiyyətlərlə zənginləşməsinə və müasir ədəbi proseslərin azərbaycançılıq məfkurəsi işığında inkişafına yönəlmiş çoxillik səmərəli fəaliyyətiniz təqdirə layiqdir.
Ümidvaram ki, Siz hələ neçə illər bundan sonra da yeni əsərlərinizlə xalqımıza xidmət göstərəcəksiniz".