Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına ikigünlük rəsmi səfəri qardaş ölkə KİV-lərinin manşet xəbərinə çevrilib.
NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısının yeni prezidentlik dövründə ilk səfərini Türkiyəyə edəcəyi barədə məlumat yayılandan bəri, bu məqamı xəbər başlığına çevirən KİV-lər aprelin 25-də prezidentlərin təkbətək görüşünə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasına, rəsmi sənədlərin imzalanmasına, o cümlədən dövlət rəhbərlərinin mətbuata bəyanatlarında səsləndirilən fikirlərə geniş yer ayırıb.
Anadolu, Doğan (DHA) və İhlas (İHA) xəbər agentlikləri, TRT HABER, HABER Türk, TRT Avaz, A Haber, TGRT HABER və digər telekanallar, habelə “Sabah”, “Vətən”, “Milliyyət”, “Yeni şəfəq”, “Axşam”, “Hürriyyət”, “Posta”, “Yeni çağ”, “Yeni çağrı” və “Yeni akıt” kimi çoxtirajlı qəzetlər səfərin tarixi əhəmiyyəti ilə bağlı çoxsaylı məlumat yayıb.
Anadolu agentliyi səfər barədə materialları “Ən önəmli hədəf müdafiə sənayesidir”, “İki millət, bir dövlət kəlamı boş ifadə deyil”, “Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır” və digər başlıqlarla verib. Prezident İlham Əliyevin bəyanatında səsləndirilən ayrı-ayrı məqamları oxuculara çatdıran agentlik dövlətimizin başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini sitat gətirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir”.
DHA xəbər agentliyi səfərin yekununa dair xəbəri “Ərdoğan: Dağlıq Qarabağ probleminin BMT-nin qərarları çərçivəsində həll olunması ən böyük arzumuzdur” sərlövhəsi ilə çatdırıb. Bu xəbərdə, həmçinin Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin ədalətli və qardaş mövqeyinə dair fikirləri yer alıb. Agentlik Türkiyə Prezidentinə istinadla yazır: “Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həlli ən böyük arzumuzdur”.
İHA agentliyi diqqəti “Star” neft emalı zavodu ilə bağlı Rəcəb Tayyib Ərdoğanın bu fikirlərinə yönəldib: “Star” neft emalı zavodunun tikintisi də yaxın vaxtlarda başa çatacaq. İnşallah, onun da açılışını sentyabr-oktyabr aylarında yenə qardaşımla birgə həyata keçirəcəyik. Beləliklə, Azərbaycan Türkiyədə ən böyük investora çevrilir. Beləliklə, Türkiyədə bir nömrəli sərmayəçi Azərbaycan olacaq. İqtisadi və ticari əlaqələrimizin daha da inkişaf etdirilməsi prioritet hədəfimizdir. Burada ən mühüm məqsəd müdafiə sənayesi sahəsində birlikdə atacağımız addımlar olacaq”.
“Yeni çağrı” və “Yeni akıt” qəzetləri yaydıqları informasiyalarda cari ilin iyununda TANAP-ın istifadəyə veriləcəyinə, dövlətimizin başçısının Türkiyədə keçiriləcək seçkilərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanı ilk olaraq Azərbaycana dəvət etməsinə toxunub.
“Hürriyyət” və “Yeni şəfəq” qəzetlərinin saytlarında prezidentlərin səmimi görüşünə dair foto və videomateriallar yerləşdirilib.
“Milliyyət” qəzeti diqqəti Prezident İlham Əliyevin ölkələrimiz arasındakı münasibətləri xarakterizə edən sözlərinə cəlb edib: “Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi vardır. İlk növbədə, əziz qardaşımı və bütün qardaş türk xalqını əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur”.
Türkiyə KİV-lərinin diqqətini çəkən mühüm məqamlardan biri də Prezident Administrasiyasında nümayəndə heyətləri qarşılıqlı təqdim olunarkən “Can Azərbaycan” mahnısının səsləndirilməsi, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın böyük məhəbbətlə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etməsi olub.
Ümumiyyətlə telereportyorlar, tanınmış jurnalistlər və siyasi şərhçilər İlham Əliyevin yenidən Prezident seçilməsindən sonra ilk səfərini Türkiyə etməsini belə qiymətləndirirlər: bu səfər və prezidentlərin açıqlamaları xalqlarımızın və ölkələrimizin təhlükəsiz gələcəyi üçün nikbinlik yaradıb.
Anadolu Agentliyi, TRT HABER televiziya kanalı Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatlarını canlı yayıb.