NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.
2018-ci ilin sentyabr ayında Azərbaycanın görkəmli alimi, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Xəlil oğlu Mirzəcanzadənin anadan olmasının 90 illiyi tamam olur.
Tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisi, zəngin elmi irsə malik akademik Azad Mirzəcanzadə neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırmış və böyük şöhrət gətirmişdir. Azad Mirzəcanzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft, qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodları hazırlanıb tətbiq edilmişdir. Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının sürətləndirilməsində Azad Mirzəcanzadənin təqdirəlayiq xidmətləri vardır. Alim Azərbaycan iqtisadiyyatının müasir mərhələdə dinamik inkişafı üçün zəruri olan yüksək ixtisaslı elmi kadr resurslarının yaradılmasının fəal iştirakçılarından idi. Azad Mirzəcanzadə elmi məktəbinin yetirmələri ölkəmizdə və onun hüdudlarından kənarda neft sənayesinin ən müxtəlif sahələrində uğurla çalışırlar. Elmlə istehsalat arasında sıx əlaqə qurmağa müvəffəq olmuş alimin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə etməkdədir.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.