Prezident İlham Əliyev avqustun 31-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin edilsinlər:
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.
2. “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51; 2018, № 6, maddə 1297; 2019, № 9, maddə 1487) ləğv edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".