Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - FOTOLAR
Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin Sədri qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətini Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək deyib: Ölkələrimiz arasındakı əlaqələrin inkişafında ordu quruculuğu xüsusi yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının mühüm tərkib hissəsi kimi dəyərləndirdiyi ikitərəfli hərbi əməkdaşlığımız bu gün ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq davam və inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu tədbirlərinə, xüsusilə bu sahədə qardaş Türkiyə ilə əməkdaşlığa mühüm əhəmiyyət verilir. 1997-ci ildən bugünə qədər Naxçıvan Muxtar Respublikasında 600-dən artıq Türkiyə hərbçisi xidmət keçib, Heydər Əliyev adına Hərbi Liseyi bitirən 120-yə yaxın kursant isə Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Həmçinin ötən il Əlahiddə Ümumqoşun Ordunun 72 hərbi qulluqçusu Türkiyədə müxtəlif kurslarda olmuşdur. Son illər keçirilən birgə hərbi təlimlər də uğurlu əməkdaşlığın nəticəsi kimi məmnunluq doğurur.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib, göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə minnətdarlıq edib.
Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlıq edib, Naxçıvanda olmaqdan böyük qürur hissi keçirdiklərini bildirib. Ötən illərdə keçirilən birgə hərbi təlimlərdə iştirakını məmnunluqla xatırladan Şərəf Öngay "Bir millət, iki dövlət" prinsipinə əsaslanan ikitərəfli əlaqələrimizdə ordu quruculuğu sahəsində görülən işləri, xüsusilə birgə hərbi təlimlərin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.