Prezident İlham Əliyev Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb
Prezident İlham Əliyev sentyabrın 10-da Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qazax rayonu, Y-35-06 (13 km) – Fərəhli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".