Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub - FOTOLAR
Culfa rayonunun Camaldın kəndində yeni sosial obyektlər istifadəyə verilib
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası yaranmasının 90 illiyi tamam olan Culfa rayonunu da əhatə edib. Bu il rayonun Camaldın kəndi abadlaşan kəndlər sırasına qoşulub. Aparılan kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, iş və xidmət şəraiti sakinlərin rahat yaşayışına səbəb olub.
Bilik Günündə Camaldın kənd tam orta
məktəbinin yeni binası istifadəyə verilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 15-də - Bilik Günündə Camaldın kənd tam orta məktəbinin yeni binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın bütün ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, pedaqoji kollektivləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını yeni tədris ilinin başlanması, Camaldın kənd tam orta məktəbinin kollektivini isə həm də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Hər bir cəmiyyətin tərəqqisinin başlıca amili təhsildir. Bu, ölkələrin inkişafına münasibətdə də belədir. O ölkə irəli gedir, inkişaf edir ki, orada təhsil dövlət səviyyəsində qayğı ilə əhatə olunur. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Hər bir gənc üçün istədiyi, arzu etdiyi sənət üzrə, ixtisas üzrə təhsil almaq böyük xoşbəxtlikdir”. Bu gün ulu öndərin müəllifi olduğu və ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən təhsil strategiyası ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında gənclər üçün geniş təhsil imkanları açıb. Ən son texnologiyaların tədrisdə tətbiqi, bütün təhsil pillələri üzrə müasir infrastrukturun yaradılması ixtisaslı kadr hazırlığı sahəsində yeni mərhələnin əsasını qoyub. Gənc nəslin fiziki və zehni inkişafı, öz bilik və bacarıqlarını artırmaları üçün bütün imkanlar vardır.
"Muxtar respublikanın ən ucqar kəndində də, şəhərində də gənclərimiz eyni şəraiti olan məktəblərdə təhsil alırlar. Hər bir gənc üçün təhsil əlçatandır. Əsl vətəndaş yetişdirməyin, gələcəyimiz üçün əsaslı təminat yaratmağın yolu da məhz bundan ibarətdir",- deyən Ali Məclisin Sədri bildirmişdir ki, müstəqillik, sabitlik və inkişaf şəraitində yaşamaq böyük xoşbəxtlikdir. Bütün bunları qorumağın yolu isə yaxşı təhsil almaqdan, əsl vətəndaş kimi yetişməkdən keçir. Məktəblərdə yaradılan şəraitdən, yeni texnologiyalardan lazımi səviyyədə istifadə olunmalı, hər bir gənc qabiliyyətinə və bacarığına uyğun peşəyə yönəldilməli, müəllim-şagird münasibətləri qarşılıqlı tələbkarlıq və hörmət əsasında qurulmalıdır. Müəllimlər ölkəmizin gələcəyini hazırlamaq kimi mühüm bir vəzifənin məsuliyyətini, gənclərimiz isə ölkəmizin gələcək təminatçıları olduqlarını bilməlidirlər. Təhsil sağlam cəmiyyət formalaşdırır. Ona görə də dünyada hansı proseslərin baş verməsindən asılı olmayaraq, mütləq təhsil inkişaf etdirilməlidir. Təhsilin əsas məqsədi isə gənclərə düzgün qərarlar qəbul etmək sənətini öyrətmək olmalıdır. Düzgün qərarlar qəbul etməklə insanlar şəxsiyyətə, ölkələr isə qüdrətli dövlətə çevrilir.
Ali Məclisin Sədri bu yolda bütün təhsil sistemində çalışanlara, tələbə, kursant və şagirdlərə uğurlar arzulayıb, bir daha Bilik bayramlarını təbrik edib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, 2019-2020-ci tədris ilində muxtar respublikada 10 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda 6 məktəb binasının, Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələri və Culfa Rayon Təhsil Şöbəsi üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. 2020-2021-ci tədris ilində muxtar respublikanın 211 ümumtəhsil məktəbində məktəbəhazırlıq qruplarında 3584 uşaq, birinci siniflərdə 5224 şagird olmaqla, ümumilikdə 53 minə yaxın şagird təhsil alacaq, onların təhsili ilə 7729 müəllim məşğul olacaq. Ümumtəhsil məktəblərinin infrastrukturunun yenilənməsi, təhsil müəssisələrində 650-dən yuxarı elektron lövhənin, 5700-dən artıq kompüterin quraşdırılması, 3 milyona yaxın yeni dərslik və metodik vəsaitin, 600 mindən çox bədii ədəbiyyatın olması cari tədris ilinin yüksək səviyyədə təşkilinə geniş imkanlar yaradır. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Camaldın kənd tam orta məktəbin müəllimi Şəbnəm Abdullayeva demişdir ki, muxtar respublikada təhsilin yüksək səviyyədə himayə edilməsinin nəticəsidir ki, ardıcıl olaraq yeni təhsil ocaqları istifadəyə verilir. “Bilik Günü”ndə Camaldın kəndinin əhalisinə hədiyyə olunan məktəb binası da yeni quruculuq ünvanlarından biri, məktəb kollektivinə ən gözəl hədiyyədir. Muxtar respublikada müəllim əməyinə həmişə yüksək qiymət verilir. Yaradılan şəraitin nəticəsidir ki, gənclər müsabiqə yolu ilə işlə təmin olunur. Mən özüm Naxçıvan şəhərində yaşayıram. Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərərək artıq ikinci ildir ki, Camaldın kənd tam orta məktəbində ingilis dili fənnini tədris edirəm. Məktəbimizdə yaradılan şərait heç də şəhər məktəblərindən geri qalmır. Şəbnəm Abdullayeva göstərilən hərtərəfli qayğıya görə müəllim və şagird kollektivi adından minnətdarlıq etmişdir.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 252 şagird yerlik məktəbdə 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı yerləşir. Məktəbin kitabxana fondunda 1600-ü dərslik və 2555-i bədii ədəbiyyat olmaqla, 4155 kitab vardır.
Müasir dövrdə yeni texnologiyaların tədrisdə tətbiqi hər bir ölkənin intellektual inkişafının vacib göstəricilərindən sayılır. Camaldın kənd tam orta məktəbində də internetə çıxışı olan 22 kompüter və 3 elektron lövhə quraşdırılmışdır.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərsi izləmişdir. 200-dən yuxarı təhsil müəssisəsinin qoşulduğu interaktiv dərsdə şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Kimya-biologiya və fizika laboratoriyalarına baxış zamanı qeyd olunmuşdur ki, məktəbdə dəqiq elmlərin tədrisinə xüsusi diqqət yetirilir. Müasir tədris-təcrübə avadanlıqları ilə təchiz olunan laboratoriyalarda yaradılan şərait şagirdlərin keçilən dərsləri daha yaxşı mənimsəməsinə kömək edəcəkdir. Şahmat sinfinin bütün lazımi avadanlıqlarla təchiz olunması isə dərslərin daha yaxşı tədrisinə imkan yaradır.
Ali Məclisin Sədri birinci sinifdə təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il Camaldın kənd tam orta məktəbinə 19 şagird qəbul olunmuşdur.
Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların ilkin hərbi vərdişlərə yiyələnməsi də tədris proqramının tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə kənd məktəbində hərbi kabinə yaradılmış, kabinədəki stendlərdə ilkin hərbi biliklər haqqında məlumatlar öz əksini tapmışdır. Məktəbin idman zalı da hər cür şəraitlə təchiz olunmuşdur.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
Təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, Camaldın kənd tam orta məktəbinin nəticələri uğurlu olmuşdur. Son 5 ildə məzunların 63 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Muxtar respublikada müəllim əməyinə verilən qiymətin nəticəsidir ki, məktəbin müəllimlərindən 1-i Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Məktəbdə yaradılan şərait bundan sonra da təhsilin yüksək səviyyədə təşkilinə, interaktiv və nümunəvi dərslərin keçirilməsinə, daha yüksək nəticələrin əldə olunmasına, eləcə də bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə imkan verəcəkdir.
Məktəbin gənc müəllimi Aysel Kərimova minnətdarlıq edərək demişdir: Bu gün Camaldın kəndi də müasir kəndlər sırasına qoşulur. Məktəbimiz yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilir. Ali Məclisin Sədri çıxışlarının birində demişdir ki, “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”. Bu səbəbdən də muxtar respublikada təhsil quruculuğuna xüsusi diqqət yetirilir. Təhsil müəssisələrində tədris üçün müasir şərait yaradılır. Buna görə məktəbimizin müəllim və şagirdləri, eləcə də valideynlər adından minnətdarlığımızı bildiririk. Söz veririk ki, yradılanları qorumaqla yanaşı, həm də əsl vətənpərvər gənclər yetişdirəcəyik.
Ali Məclisin Sədri demişdir: Bu gün istifadəyə verilən məktəb Camaldın kəndinin həyatında xüsusi əhəmiyyətə malikdir. Ona görə ki, kənddə yaşayan hər bir ailənin övladı məktəbdə təhsil alacaqdır. Məktəbdə yeni texnologiyalar qurulmuş, müasir tədrisin tələblərinə uyğun sinif otaqları, lazımi tədris avadanlıqları və kitabxana kollektivin istifadəsinə verilmişdir. Məktəbin pedoqoji kollektivi işini tədrisin tələbləri səviyyəsində qurmuşdur. Təhsil ocağında müəllim tələbkarlığı, şagird çalışqanlığı vardır. Son 5 ildəki nəticələr bunu bir daha təsdiq edir.
Qazanılan uğurlara görə məktəb kollektivinə təşəkkür edən Ali Məclisin Sədri demişdir: Məktəb ümumxalq işi olmalıdır. Təhsil təkcə müəllimlərin üzərinə düşən vəzifə deyil. Hər bir şagirdin, hər bir gəncin hazırlanması ümumxalq, ümumdövlət işidir. Dövlət üzərinə düşən vəzifələri yerinə yetirir. Müasir tədrisin tələblərinə uyğun məktəb binası tikilərək istifadəyə verilir. Pedaqoji kollektivin qarşısında duran əsas vəzifə isə gələcəyimizi hazırlamaqdır. Məktəbin tam fəaliyyət göstərməsi, uğur qazanması üçün hər cür şəraiti, eləcə də bütün fənlər üzrə müəllim heyəti vardır. Ona görə də məktəbdə tələbkarlıq olmalı, müəllimlər şagirdləri bacarıqlarına uyğun peşələrə yönəltməli, təhsilli və vətənpərvər nəsil yetişdirməlidirlər.
Binanın həyətində bufet və fərdi qazanxana tikilmiş, açıq idman qurğuları qurulmuş, abadlıq işləri aparılmış, yaşıllıq sahəsi salınmışdır.