2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən. O vaxt Azərbaycanda antimilli, satqın hakimiyyət hökm sürürdü, fərarilər hakimiyyəti hökm sürürdü. Həmin o fərarilərin tör-töküntüləri bu gün də özlərini müxalifət adlandırırlar. O vaxt qaçıb gizləniblər, ölkəmizi bərbad vəziyyətə qoyublar, torpaqlarımızı satıblar. AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çoxəsrlik tarixində bunlar qədər xəyanətkar, satqın olmayıb. Bax bu səbəblərdən o vaxt Ermənistan xarici dövlətlərin birbaşa iştirakı və dəstəyi ilə torpaqlarımızı zəbt edib. Amma indi bizdən şikayət edir, beynəlxalq təşkilatlara müraciət edir ki, gəlin, bizə kömək edin, gəlin, Azərbaycan bizi boğacaq. Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən. Yoxsa qorxu içində yaşayan ölkələr, insanlar daim stress içindədirlər. Bu, onların psixoloji durumuna da mənfi təsir göstərir. Biz bunu indi görürük və daha da böyük fəsadlar ola bilər.
Azərbaycan isə ordu quruculuğu istiqamətində inamla irəliləyir. Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik - həm say baxımından, həm silahların növü baxımından. Bizim böyük maliyyə ehtiyatlarımız imkan verir ki, istənilən hərbi texnikanı alaq və hazır vəziyyətə gətirək. Bu il büdcəmizə edilən dəyişikliklər, dürüstləşmə, eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib və gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaq.