Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
məruzəsi
Hörmətli deputatlar və sessiya iştirakçıları! 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişaf qorunub saxlanmışdır. Bu inkişafın təməlində ümummilli lider Heydər Əliyevin 1969-cu ilin 14 iyulundan əsasını qoyduğu quruculuq xəttinin davam etdirilməsi dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin may ayında Naxçıvan Muxtar Respublikasına səfəri zamanı görülmüş işlər barədə demişdir: “Naxçıvan abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Binalar təmir olunur, yeni gözəl binalar tikilir. Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”. Blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada daxili imkanlardan səmərəli istifadə olunmuş, mədəniyyətin və mənəvi dəyərlərin inkişafına diqqət artırılmış, ictimai-siyasi sabitlik qorunub saxlanmışdır. Bunun nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” seçilmiş, iyun ayının 20-də açılış tədbiri keçirilmişdir. Naxçıvan şəhəri həmçinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilmişdir. Cari ilin ötən dövründə muxtar respublikada bütün sahələrdə əldə olunmuş nailiyyətlərdə əməyi olanlara, bütün muxtar respublika əhalisinə təşəkkürümü bildirirəm! Hörmətli sessiya iştirakçıları! Sosial-iqtisadi inkişaf bu günə qədər olduğu kimi bundan sonra da davam etdirilməlidir. Bu gün qarşıda mühüm vəzifələr dayanır. Bu vəzifələrin icrası ilk növbədə işə məsuliyyətlə yanaşmaqdan ibarətdir. Ona görə də idarəetmənin bütün mərhələlərində nizam-intizam gücləndirilməli, təşəbbüskarlıq və tələbkarlıq artırılmalı, qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir. Makroiqtisadi sabitlik qorunub saxlanılmalı, dövlət büdcəsinin proqnoz göstəricilərinin icrasına əməl olunmalıdır. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi vergilərin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına və toplanaraq büdcəyə köçürülməsinə nəzarəti artırmalıdır. Vergilər Nazirliyi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə nağdsız ödəniş sisteminin genişləndirilməsi üzrə tədbirləri davam etdirməlidir. Maliyyə Nazirliyi dövlət maliyyə nəzarətini gücləndirməlidir. Müəssisə və təşkilatlarda mühasibat uçotunun təşkili və aparılması, maliyyə hesabatlarının vaxtında təqdim edilməsi ilə bağlı tədbirlər görülməlidir. Son illərdə istifadəyə verilən yeni istehsal müəssisələri iqtisadi və ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Bu müəssisələr tələbatın daxili imkanlar hesabına ödənilməsini təmin etməklə yanaşı yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına səbəb olur. İqtisadiyyat Nazirliyi belə müəssisələrin yaradılmasına bundan sonra da diqqəti artırmalıdır. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün dövlət dəstəyi gücləndirilməli, yeni investisiyaların cəlbi və təşviqi istiqamətində tədbirlər görülməlidir. Daxili bazar qorunmalı, ixrac potensialı inkişaf etdirilməlidir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi standartlara və digər normativ tələblərə cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan qida məhsullarının istehsalı, idxalı və satışının qarşısını almalıdır. İstehlak bazarının keyfiyyətli məhsullarla təchiz olunmasında, həmçinin əhali məşğulluğunun təmin edilməsində ailə təsərrüfatlarının rolu böyükdür. İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ailə təsərrüfatlarına müvafiq köməklik göstərilməli, nümunəvi təsərrüfatların nailiyyətləri təbliğ olunmalıdır. İstər ailə təsərrüfatlarının, istərsə də kiçik və orta sahibkarlıq subyektlərinin yaradılmasına Sahibkarlığa Kömək Fondu, həmçinin muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən dəstək göstərilməli, kreditlərin verilməsi davam etdirilməlidir. Ayrılmış vəsaitin təyinatı üzrə istifadəsinə və vaxtında geri qaytarılmasına da diqqət artırılmalıdır. Kənd təsərrüfatı olmadan ərzaq təhlükəsizliyini təmin etmək, emal müəssisələrinin xammala olan tələbatını ödəmək mümkün deyil. Ona görə də aqrar sahəyə diqqət daha da artırılmalı, əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunmalıdır. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərini dəqiqləşdirməli, torpaq sahələrində baş verən dəyişiklikləri vaxtında aşkara çıxarmalı və qiymətləndirməli, torpaqların münbitliyinin artırılması məqsədilə tədqiqat və monitorinqlərini davam etdirməlidir. Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyəti orqanları kənd təsərrüfatına yararlı torpaq sahələrindən kənar məqsədlər üçün istifadənin qarşısını almalı, onların əkinə cəlb olunması məqsədilə tədbirlər görməlidirlər. Aqrar sektorda məhsuldarlığın artırılması üçün intensiv metodlara üstünlük verilməli, əkin atlaslarından istifadə diqqət mərkəzində saxlanılmalıdır. Gübrə və pestisidlərin keyfiyyətinə nəzarət artırılmalı, norma və standartların tələblərinə ciddi riayət olunmalıdır. Yerli şəraitə uyğun, yüksək məhsuldar toxum sortlarından istifadə üçün torpaq mülkiyyətçilərinə müvafiq köməklik göstərilməlidir. Hazırda kənd təsərrüfatı məhsullarının kütləvi yığım dövrüdür. Bir neçə ildir ki, mövsüm ərzində istehsal olunan məhsullar nəinki daxili tələbatı ödəyir, eyni zamanda, onların ixracı üçün də geniş imkanlar açılır. Məhsulların birbaşa satışına kömək məqsədilə şəhər və rayon mərkəzlərində yarmarkaların təşkili cari ildə də davam etdirilməlidir. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri istehsal olunan kənd təsərrüfatı məhsullarının emal müəssisələri, həmçinin soyuducu anbarlar tərəfindən qəbulunda istehsalçılara köməklik göstərməlidir. Kənd Təsərrüfatı Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri aidiyyəti orqanlarla birlikdə taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələri səfərbər etməlidirlər. Dövlət Gömrük Komitəsi mövsüm ərzində daxili bazarın qorunması üçün tədbirlər görməli, tələbatdan artıq meyvə-tərəvəz məhsullarının ixracına əlverişli şərait yaratmalıdır. Muxtar respublikanın mövcud relyef və iqlim şəraiti burada suvarma əkinçiliyinin geniş yayılmasına səbəb olub. Son illər həyata keçirilən meliorativ tədbirlər çərçivəsində müasir suvarma sistemlərinin istifadəyə verilməsi yeni torpaqların əkin dövriyyəsinə cəlb olunmasını təmin etməklə bərabər, su itkisinin və şoranlaşmanın qarşısının alınmasında da mühüm əhəmiyyətə malikdir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün su bölgüsünə və ondan səmərəli istifadəyə nəzarəti artırmalı, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi üçün meliorasiya tədbirlərini davam etdirməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji təhlükəsizliyin təmin edilməsinə nail olmalı, təbii sərvətlərdən səmərəli istifadəni və isti yay günlərində mövcud yaşıllıq zolaqlarının qorunmasını təmin etməlidir. Dövlət Baytarlıq Xidməti heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə süni mayalanma tədbirlərini və müxtəlif xəstəliklərə qarşı peyvəndlərin aparılmasını diqqətdə saxlamalı, tələb olunan dərman və ləvazimatları vaxtında alıb muxtar respublikaya gətirməlidir. Kənd təsərrüfatında müasir texnikadan istifadə əl əməyinin yüngülləşdirilməsi və məhsuldarlığın artırılmasına müsbət təsir göstərir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif texnika və avadanlıqlara, gübrə və müasir suvarma sistemlərinə olan tələbat öyrənilərək onların muxtar respublikaya alınıb gətirilməsi və lizinq yolu ilə satışı davam etdirilməlidir. Muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq tədbirləri rayon mərkəzləri ilə yanaşı dağ və sərhəd kəndlərində də müasir infrastrukturun yaradılmasına səbəb olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ayrılmış vəsaitdən səmərəli istifadə etməli, tikinti işlərinin keyfiyyətlə aparılmasına nail olmalı, həyata keçirilən abadlıq tədbirlərində müasirliyin və milli memarlıq üslubunun gözlənilməsini təmin etməlidir. Son illər muxtar respublikanın əsas magistral yolları ilə yanaşı əksər kənddaxili yolları da ən müasir tələblərə uyğun olaraq yenilənib. Avtomobil Yolları Dövlət Agentliyi yol və körpülərin tikintisi zamanı keyfiyyətli materiallardan istifadəyə üstünlük verməlidir. Nəqliyyat Nazirliyi avtovağzallarda göstərilən xidmətin səviyyəsini daha da yaxşılaşdırmalı, xəttə buraxılan ictimai nəqliyyat vasitələrinin texniki sazlığına və hərəkət qrafikinə riayət olunmasına nəzarəti gücləndirməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi yüksəkixtisaslı kadrlara olan tələbatı ödəmək üçün mütəxəssislərin hazırlanması və əlavə təhsili ilə bağlı tədbirlər görməli, yerlərdə poçt rabitəsi və poçt-maliyyə xidmətlərinin inkişafını diqqətdə saxlamalıdır. Muxtar respublikanın bütün yaşayış məntəqələri qazlaşdırılmış, alternativ və bərpa olunan enerji vasitələrindən istifadəyə əsaslanan yeni elektrik stansiyaları istismara verilmişdir. Dövlət Energetika Xidməti və “Naxçıvanqaz” İstehsalat Birliyi mövcud infrastrukturun yenilənməsi və təkmilləşdirilməsinə diqqəti artırmalı, nöqsanların aradan qaldırılması üçün çeviklik göstərməlidirlər. Dövlət Statistika Komitəsi muxtar respublikada statistika işinin təkmilləşdirilməsi sahəsində tədbirləri davam etdirməli, təhlili materialların hazırlanaraq kütləvi informasiya vasitələrində verilməsinə diqqəti artırmalıdır. İstənilən sahənin dinamik inkişafı həmin sahədə fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsindən asılıdır. Savadlı və ixtisaslı kadr hazırlığının təməli isə təhsil müəssisələrində qoyulur. Odur ki, muxtar respublikada təhsilin bütün pillələrinin inkişafı diqqət mərkəzində saxlanılır, maddi-texniki bazası möhkəmləndirilir. Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, fənn laboratoriyalarının imkanlarından düzgün istifadə edilməli, tədrisdə informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə olunmalıdır. Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı dərslərin təşkilində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqə davam etdirilməli, nümunəvi dərslərin təşkili diqqətdə saxlanmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi elmi tədqiqatların səmərəliliyini artırmalı, təbii sərvətlərdən faydalı istifadə imkanlarını diqqətdə saxlamalı, muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfəsini verməlidir. Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ixtisaslı kadrların hazırlanmasına, gənclərin elmi-tədqiqat işlərinə cəlbinə diqqəti artırmalıdır. Müvafiq ixtisaslar üzrə tədris və elmi-metodik vəsaitlər müasir dövrün tələblərinə uyğun hazırlanmalı, bir qayda olaraq ixtisaslar üzrə təcrübi dərslər hami təşkilatlarda keçirilməlidir. Səhiyyə Nazirliyi tibb müəssisələrinin kadr təminatının yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər görməli, tibbi avadanlıqlardan səmərəli istifadəni təmin etməli, səhiyyə xidmətinin səviyyəsini yüksəltməlidir. Milli-mədəni irsimizin daşıyıcıları olan tarixi abidələrin qorunması hər zaman diqqət mərkəzində saxlanılır. Tarixi abidələrin bərpası kimi qorunmasına da diqqət artırılmalıdır. Mədəniyyət Nazirliyi tabeliyində olan müəssisə və təşkilatlarda kadrların düzgün yerləşdirilməsinə, fəaliyyətin səmərəli təşkilinə nail olmalıdır. Muxtar respublikanın malik olduğu ekoloji mühit, zəngin mədəni irs, təbii müalicə mərkəzləri burada turizmin müxtəlif sahələrinin inkişafına əlverişli şərait yaradır. Turizm Departamenti mövcud imkanlardan səmərəli istifadə etməli, muxtar respublikanın turizm potensialının təbliği ilə bağlı görülən işlərin əhatə dairəsini genişləndirməlidir. Gənclər və İdman Nazirliyi muxtar respublikada olan idman qurğu və obyektlərindən, eyni zamanda olimpiya idman komplekslərindən istifadəyə və onların qorunub saxlanılmasına, gənclərlə iş sahəsində fəaliyyətə, “Naxçıvan-Gənclər Paytaxtı” tədbirlərinin hazırlıq işlərinə diqqəti artırmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası sahəsində tədbirləri davam etdirməli, peşə hazırlığını əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırmalıdır. Dövlət Sosial Müdafiə Fondu elektron xidmətlərin tətbiqi işlərini, məcburi dövlət sosial sığorta haqlarının yığılmasını təmin etməlidir. Şəhər və rayon icra hakimiyyəti orqanları yeni tikililərin qorunmasına, abadlıq-təmizlik işlərinə nəzarəti gücləndirməli, vətəndaşların əsaslı müraciətlərinin həllinə nail olmalıdırlar. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər də ərazilərin təmizliyinə və qeydə alınan nöqsanların aradan qaldırılmasına diqqəti artırmalıdırlar. Hüquq mühafizə orqanları nizam-intizamı daha da möhkəmləndirməli, maarifləndirmə-profilaktika, ictimai asayişin və sabitliyin qorunması sahəsində tədbirləri davam etdirməlidirlər. Ordu, birləşmə və hərbi hissə komandirləri döyüş hazırlığını daim artırmalı, ehtiyatların məqsədəuyğun istifadəsini, əsgərlərin mövsümə görə geyim və yeməklərlə təmin olunmasını diqqətdə saxlamalıdırlar. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna qəbul imtahanlarının dövriliyini təmin etməli, kadr hazırlığı üzrə kursların təşkilini və test bankının yenilənməsini təmin etməlidir. Kütləvi informasiya vasitələri ictimai nəzarət orqanı kimi fəaliyyətlərini gücləndirməli, milli dəyərlərimiz təbliğ edilməli, qəbul olunmuş dövlət proqramlarının icrası diqqətdə saxlanılmalıdır. Teleradio və qəzetlərdə informasiya-məlumatlandırma işi düzgün qurulmalı, sosial şəbəkələrdə ictimaiyyətin düzgün istiqamətləndirilməsi üçün sistemli iş təşkil olunmalıdır. Hörmətli sessiya iştirakçıları! 2018-ci ilin birinci yarısının sosial-iqtisadi nəticələri bir daha göstərir ki, muxtar respublikada inkişaf ildən-ilə yüksələn xətlə davam edir. Bu xəttin davam etdirilməsi, qarşıya qoyulan vəzifələrin icrası üçün Sizə və muxtar respublika əhalisinə uğurlar arzulayıram. Sağ olun!***
Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov deyib ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2017-ci ildə gəlirləri 71 milyon 650 min manat təyinata qarşı 79 milyon 856 min 165 manat və ya 111,5 faiz icra olunmaqla büdcəyə 8 milyon 206 min 165 manat artıq vəsait daxil olub. Ötən ilin büdcə gəlirlərinin 82,6 faizi və ya 65 milyon 985 min manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 9,5 faizi və ya 7 milyon 580 min 514 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 7,3 faizi və ya 5 milyon 803 min 298 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6 faizi və ya 486 min manatı isə digər mənbələr hesabına daxil olub. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 350 milyon 550 min manat təyinata qarşı 348 milyon 868 min 237 manat və ya 99,5 faiz icra olunub. Bu dövrdə büdcə xərclərinin 68 faizi və ya 237 milyon 240 min manatı cari xərclərə, 32 faizi və ya 111 milyon 627 min manatı isə əsaslı xərclərə yönəldilib. 2017-ci il dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən satın alınan bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına ciddi nəzarət edilib, 1,2 milyon manatdan çox büdcə vəsaitinə qənaət olunub. Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun qəbul edilib. Gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd olunub ki, Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli və 2018-ci il 6 mart tarixli qanunları ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Qanunda dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu oxunub və səsə qoyularaq qəbul edilib. Ali Məclisin Sədri 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib. Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.