Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi qaydası təsdiq edilib
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilir.
Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, yerli və xarici ekspertləri, habelə beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, aşağıdakıları doqquz ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:
elektrik qurğularının quraşdırılması qaydasını;
elektrik və istilik qurğularının texniki istismar qaydasını;
elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydasını;
elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasını;
yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydasını;
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Energetika Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Müvafiq sahədə nəzarəti Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.