Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün Dövlət Komissiyası yaradılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev noyabrın 6-da 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılıb:
Dövlət Komissiyasının sədri
Əli Əsədov – Azərbaycan Respublikasının Baş naziri
Dövlət Komissiyasının sədr müavini
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Dövlət Komissiyasının üzvləri
Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru.
2. Dövlət Komissiyası:
2.1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılmasını, habelə həmin məlumatların daim yenilənməsini təmin etsin;
2.4. görülmüş işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 2.3-cü bəndində nəzərdə tutulmuş məlumatların beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara çatdırılması üçün tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.