Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Baş Ombudsmanı ilə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri qonaqları salamlayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində göstərdiyi qardaşlıq dəstəyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına hörmət və ehtiramını bildirib. Həmçinin Ali Məclisin Sədri Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və insan tələfatı ilə bağlı kədərini ifadə edib, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Ali Məclisin Sədri nümayəndə heyətinin Naxçıvana səfərinin 30 ilədək işğal altında olan torpaqlarımızın azad olunduğu və Azərbaycan xalqının böyük qələbə sevinci yaşadığı günə təsadüf etdiyini bildirib, bunu Türkiyənin bir daha Azərbaycan xalqının yanında olduğunun əyani ifadəsi kimi dəyərləndirərək deyib: Eyni zamanda bu gün Mustafa Kamal Atatürkün anım günüdür. İnsanlar vardır ki, bəşəriyyətə, insanlar da vardır ki, yalnız ölkəsinə, xalqına məxsusdur. Böyük öndər Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyev sadəcə dünyalarını dəyişiblər, ölməz əməlləri ilə bu gün də yaşayırlar. Xalqına xidmət etməklə bəşəri olmaq böyük şəxsiyyətlərə nəsib olur. Hər iki şəxsiyyət ayrı-ayrı dövrlərdə Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsində mühüm rol oynayıblar. Baxmayaraq ki, uzun illər Azərbaycan Sovetlər Birliyinin tərkibində yaşayıb, ancaq müstəqillik qazandıqdan sonra bu ideyalar yenidən dirçəlib, bugünkü Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığı yaranıb.

Ali Məclisin Sədri Naxçıvanda ombudsman institutunun   formalaşması, eləcə də bu sahədə görülən işləri diqqətə çatdırıb, çıxışını "Var olsun Türkiyə, var olsun Azərbaycan! Azərbaycan-Türkiyə qardaşlığına və dostluğuna eşq olsun!",- fikirləri ilə tamamlayıb.

Şərəf Malkoç göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edərək deyib: 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günüdür. Həmçinin bu gün 30 ildir işğal altında olan Azərbaycan torpaqlarının azad olunması ilə əlamətdardır. Bu qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və Azərbaycan xalqının əzmi, həmçinin türk xalqının və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə reallaşdı. Bu bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu sarsılmaz və əbədidir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmiş, xatirə şəkli çəkdirilib. 

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: