Qarabürc Kənd Mərkəzi fəaliyyətə başlayıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabürc Kənd Mərkəzində görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, Qarabürc Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq məntəqəsi, polis sahə məntəqəsi, kitabxana, poçt bölməsi, klub və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 2 min 735 kitab vardır.
Ali Məclisin Sədri kitab müzakirələrinin təşkil olunması ilə bağlı tapşırıq verib.
Binada poçt bölməsinin fəaliyyəti üçün bütün tədbirlər görülüb, kənd Kürçülü kəndində yerləşən yeni nəsil ATS vasitəsilə telefonlaşdırılmışdır. Kənd sakinləri sürətli internetdən istifadə edirlər.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 39 üzvü vardır ki, onlardan da 12-si gənc, 9-u isə qadındır.
Yeni Azərbaycan Partiyası Qarabürc kənd ərazi ilk təşkilatının sədri Səbuhi Əliyev Ali Məclisin Sədrini qələbə münasibətilə təbrik edərək deyib: “Ölkəmizin sosial-iqtisadi inkişafını biz cəbhədə qazanılan uğurlarda gördük. Fəxr edirik ki, bu ölkənin vətəndaşlarıyıq. Bu qələbə əzmi ilə də işləməyə, ölkəmizə bütün sahələrdə töhfə verməyə çalışacağıq”.
Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq xidmətidir. Xəstəliklərə qarşı vaxtında peyvəndlərin vurulması, dezinfeksiya işlərinin aparılmasının nəticəsidir ki, heyvanlar arasında heç bir yoluxucu xəstəlik yoxdur.
Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi mühüm əhəmiyyətə malikdir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.
Məntəqə müdiri Tahirə Quliyeva deyib ki, muxtar respublikada səhiyyə sahəsinə göstərilən qayğıdan bizim kəndimizə də pay düşüb. Müasir tibbi avadanlıqlar imkan verəcək ki, insanların sağlamlığının keşiyində daha məsuliyyətlə dayanaq. Tahirə Quliyeva torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbriklərini çatdırmış, sağlam gənc nəslin yetişdirilməsinə göstərilən qayğıya görə minnətdarlıq edib.
Ali Məclisin Sədri səhiyyə maarifinin əhəmiyyətini vurğulayıb və tibbi xidmətlərin təşkili ilə bağlı tapşırıqlar verib.
Binada fərdi istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılıb.