Vətən uğrunda canlarından keçənlər əbədi yaşayacaqlar - FOTOLAR

Naxçıvanda şəhidlər ehtiramla qarşılanıb

A- A A+

Sentyabrın 27-də ordumuz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlayıb və Azərbaycan 30 il işğal altında olan torpaqlarımızı azad edərək noyabrın 10-da böyük qələbə qazanıb. Bu tarixi qələbə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli milli ordumuzun şücaəti nəticəsində mümkün olub. Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə aparıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 13-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, şəhidlərin ailə üzvləri də tədbirdə iştirak ediblər.

Şəhid olan hərbi qulluqçularımız Qurbanov Xansu Elsevər oğlunun, İsmayılov Əmrah Xudaverdi oğlunun, İbrahimov Ruzi Əliağa oğlunun, İbrahimov Ayaz Sultan oğlunun, Novruzlu Ümid Bahadur oğlunun, Məmmədəliyev Saday Rza oğlunun, Babayev Şamil Baloğlan oğlunun, Dünyamalıyev Ceyhun Zeynal oğlunun, Tağıyev Azər Kamil oğlunun, Məmmədov Kəmaləddin İsrail oğlunun, Əsgərov Təbriz Çapay oğlunun, Mirzəyev Aslan Məqsud oğlunun, İbrahimov Qurban Namiq oğlunun və Yüzbaşyev İsmayıl Fəzayıl oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.

Şəhidlərin cənazələri doğulduqları şəhər və kəndlərə yola salınıb.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

Vətənpərvərlik hər bir insanın daxilindəki ali hissdir. Vətənə xidmətdə isə bu hissdən böyük heç nə yoxdur. Buna görədir ki, oğullarımız torpaq uğrunda mübarizəyə ölümün gözünə dik baxaraq yollandılar. Böyük qəhrəmanlıq və şücaət göstərməklə şəhidlik zirvəsinə yüksələrək azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırdılar. Vətən uğrunda canlarından keçənlər isə əbədi yaşayacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: