Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri yeni binada fəaliyyət göstərəcək - FOTOLAR

A- A A+

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Müstəqil dövlətdə yaşayan hər bir gənc birinci növbədə yaxşı təhsil almalı, vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunmalıdır”. Muxtar respublikada bütün sahələr kimi, təhsil də qayğı  ilə əhatə olunmuşdur. Bunun nəticəsidir ki, ötən illərdə 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, nümunəvi dərslərin keçirilməsi, innovasiyaların tətbiqi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 26-da Culfa Rayon Təhsil Şöbəsinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün təhsil şöbəsinin inzibati binası istifadəyə verilir. Burada həm də məktəbdənkənar təhsil müəssisələri fəaliyyət göstərəcəkdir. Şəraitin yaxşılaşdırılması işə münasibətin, onun keyfiyyətinin və nəticəsinin yaxşılaşması deməkdir. Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində 25 tam orta məktəb, 5 məktəbdənkənar təhsil müəssisəsi vardır. Rayon məktəblərində 5 min 400-dən artıq şagird təhsil alır, 930-dan artıq müəllim fəaliyyət göstərir. Rayon Təhsil şöbəsinin 2019-2020-ci tədris ilindəki fəaliyyəti onu deməyə əsas verir ki, işlər düzgün qurulmuşdur. Belə ki, məktəbi bitirən 283 şagirddən 126-ı ali məktəblərə, 27-i orta ixtisas məttəblərinə qəbul olunmuş, onlardan 22-i 500-700 intervalında bal toplamışlar. Bu nailiyyətlərin qazanılmasında təhsil şöbəsinin də əməyi vardır. Rayonun təhsil müəssisələrində vətənpərvərlik işinin düzgün təşkilinin nəticəsidir ki, 28 şagird Heydər Əliyev adına Hərbi Liseyə, dəqiq elmlərə marağın artırılmasının nəticəsidir ki, 9 şagird Şərur Rayon Fizika-riyaziyyat Təmayüllü Liseyə qəbul olunmuşdur. Yaradılan müasir iş şəraiti imkan verəcəkdir ki, məktəblərə nəzarət daha da gücləndirilsin, tədrisin vəziyyəti yaxşı təhlil edilsin, müzakirələr aparılsın, çatışmazlıqlar aradan qaldırılsın, rayonun təhsil nailiyyətləri daha da artırılsın.

Ali Məclisin Sədri deyib: Təhsil şöbəsinin qarşısında duran əsas vəzifə məktəblərdə tədrisin səviyyəsinin yaxşılaşdırılması, müəllimlərin dərsə davamiyyətinə, bütün fənlər üzrə dərslərin yeni texnologiyaların tətbiqi ilə tədrisinə nəzarət etməkdir. Bu gün zamanın tələbi ondan ibarətdir ki, tədris  müasir, yeni texnologiyalar tətbiq olunmaqla təşkil edilsin. Bunun üçün mütləq yaradılmış kompüter siniflərindən, elektron lövhələrdən, laboratoriyalardan, şahmat siniflərindən və STEAM kabinələrindən istifadə olunmalıdır. Müasir tədrisin tələbləri ondan ibarətdir ki, tədrisə müəllim və şagird yaradıcı yanaşmalıdır. Yaradıcı aparılan tədris nəticəli olur. Məktəblərdə müasir şərait ona görə yaradılır ki, müəllimlər tədrisin yaradıcı tətbiqinə nail ola bilsinlər. Bu işlərə yeni başlanılan dövrdə problemlər mövcud idi. Elektron lövhəli siniflərdən düzgün istifadə olunmurdu. Artıq məktəblərdə bu problemlər aradan qaldırılıb. Dəqiq fənnləri tədris edən müəllimlər üçün Təhsil nazirliyi tərəfindən hər il kurslar təşkil edilir. STEAM kabinələri də bu yeniliklərə əlavə olunur. Bu yeni metod əsasən incəsənətlə dəqiq elmlərin birləşməsi nəticəsində formalaşan sistemdir. Bu, həm müəllimdən, həm də şagirddən  tamamilə yaradıcı iş tələb edir. Ona görə də qərara alınıb ki, bu tədris ilindən etibarən muxtar respublikanın məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində STEAM kabinələrinin və Robotexnika dərnəklərinin qurulması davam etdirilsin. Bununla yanaşı, milli dəyərlərimizi özündə yaşadan dərnəklərin  fəaliyyəti də davam etdiriləcəkdir.

Ali Məclisin Sədri deyib: Təhsil şöbəsinin inzibati binasında 3 məktəbdənkənar təhsil müəssisəsi üçün lazımi şərait yaradılmışdır. Burada həm milli, həm də innovativ dərnəklər birlikdə fəaliyyət göstərəcək. Məktəbdəki tədrisin səviyyəsi məktəbdənkənar müəssisələrin bilavasitə işindən asılıdır. Yəni şagirdin asudə vaxtı nə qədər səmərəli keçərsə, onun dərs qavrama qabiliyyəti bir o qədər rahat olar. Nəticələrə əsasən demək olar ki, Culfa rayonunda bu işlərə nail olunub. Yadda saxlamaq lazımdır ki, müasir dövrümüzdə inkişaf etmiş ölkələrdə ən yaxşı mühəndislər həmin dərnəklərdə formalaşırlar. Ona görə də tətbiq olunan bu yeniliklərin istifadəsinə nəzarət olunmalıdır. Ölkənin gələcəyinin hazırlanmasında hər kəs məsuliyyət daşıyır. Bunun üçün də işə məsuliyyətlə yanaşılmalı və tələbkarlıq artırılmalıdır.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib: Muxtar respublika təhsili özünün inkişaf dövrünü yaşayır. Təhsilin bütün pillələri üçün zəruri infrastruktur formalaşdırılır, yeni məktəb binaları tikilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Yaradılan müasir şərait təhsilin keyfiyyətinin yaxşılaşmasına, şagirdlərin yüksək səviyyədə bilik almalarına, dünyagörüşlü və vətənpərvər formalaşmalarına, eləcə də pedaqoji heyətdə iş əzminin yüksəlməsinə geniş imkanlar açmışdır. Aparılan ardıcıl tədbirlər yalnız məktəb tikintisi ilə yekunlaşmamış, eyni zamanda şəhər və rayon təhsil şöbələri və məktəbdənkənar təhsil müəssisələri üçün də binalar tikilib istifadəyə verilir. Culfa rayonunun ümumtəhsil məktəblərində 595 kompüter, 78 elektron lövhə quraşdırılmış, kitabxanalar 87 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 97 minə yaxın dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları və açıq idman qurğuları, eyni zamanda istilik sistemi quraşdırılmışdır. Rəhman Məmmədov muxtar respublikada təhsilin hərtərəfli inkişafına, innovativ təlim metodlarının tətbiqinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişdir.

Dərnək rəhbəri Türkanə Hüseynova minnətdarlıq edərək deyib:  "Ali Məclis Sədrinin qayğısı ilə Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır. Şagirdlərin milli dəyərlər ruhunda tərbiyə olunmasını, təhsilli, intellektli və sağlam yetişmələri diqqətdə saxlanılır. Bu dərnəklər milli-mənəvi dəyərlərimizin qorunmasına, uşaqların intellektual və fiziki inkişafına mühüm töhfələr verəcək, şagirdlər innovativ dərnəklərdə bacarıqlarını nümayiş etdirə və peşə vərdişlərini üzə çıxara biləcəklər. Yaradılan şərait və göstərilən dövlət qayğısı müəllimlərdən böyük məsuliyyət tələb edir. Kollektivimiz bu məsuliyyəti dərindən dərk edir. Əmin edirik ki, yaradılanları qoruyacaq, onlardan səmərəli istifadə edərək gənc nəslin təlim-tərbiyəsində səylə çalışacağıq".

Ali Məclisinin Sədri binada yaradılan şərait və dərnəklərin fəaliyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, mərkəzlər üçün binanın 1-ci mərtəbəsində 124 yerlik 11 sinif otağı ayrılmışdır. Binanın ikinci mərtəbəsində Culfa Rayon Təhsil Şöbəsi üçün 10 iş otağı, 50 yerlik iclas zalı və texniki otaq ayrılmış, otaqlarda 9 kompüter quraşdırılmışdır. Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, rəsm, memarlıq - dizayn, qum sənəti, xalçaçılıq, Texniki Yaradıcılıq Mərkəzində robotexnika və STEAM, mental-aritmetik, bujiteriya, ağac üzərində oyma, ağac üzərində yandırma, Turist - Diyarşünaslıq Mərkəzində isə heykəltəraşlıq, dulusçuluq, bədii tikmə və toxuculuq dərnəkləri yaradılmışdır.

Robotexnika və STEAM dərnəyi üçün 9 kompüter, rəngli printer, 3D printer, 10 robot, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları alınmış, elektron lövhə quraşdırılmışdır. Mental - aritmetik dərnəyi üçün elektron lövhə quraşdırılmış, dərs proqramı, hesablama alətləri alınmış, ağac üzərində yandırma dərnəyi üçün 10 elektrikli yandırma aləti, rəqs dərnəyi üçün 20 dəst geyim, rəsm dərnəyi üçün 15 molbert, memarlıq - dizayn dərnəyi üçün 7 kompüter, çertyoj lövhəsi, qum sənəti dərnəyi üçün 5 elektrikli qum masası, xalçaçılıq dərnəyi üçün 5 hana, heykəltəraşlıq və dulusçuluq dərnəyi üçün 12 dəzgah, eləcə də digər zəruri ləvazimatlar alınmışdır.

Robotexnika və STEAM dərnəklərində şagirdlərin dəqiqlik, analitik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək bacarıqları formalaşacaq, həmçinin təhsil müəssisələrində əldə etdikləri bilikləri real tətbiqetmə imkanı qazanacaqlar. Yeni dərnəklər yaradılarkən uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması da nəzərə alınmışdır. Rəsm, qum sənəti, dulusçuluq, heykəltəraşlıq, bujuteriya, ağac üzərində yandırma, ağac üzərində oyma, bədii tikmə, toxuculuq və xalçaçılıq dərnəkləri xalq yaradıcılığımızın və dekorativ tətbiqi sənət nümunələrimizin sirlərini gənc nəslə öyrətmək və bunları yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Ali Məclisin Sədri Mental - aritmetik dərnəyi üzvlərinin vətənpərvərlik mövzusunda şeirləri bədii qiraət etməklə hesablama əməliyyatı aparmalarını izləyib.

Dərnək rəhbərlərindən Aidə İbrahimova, Sveta Kərimova, Məhluqə Rzayeva və Fuad Babayev şagirdlərin intellektual dünyagörüşlərinin formalaşmasında tətbiq olunan dərnəklərin rolunu yüksək qiymətləndirərək minnətdarlıq ediblər.

Ali Məclisin Sədri yaradılan şəraitdən istifadə etməklə təhsilin səviyyəsinin yüksəldilməsi, qarşıdakı illərdə innovativ dərnəklərdə yeni metodları mənimsəyən şagirdlərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, STEAM tədris metodu ilə bağlı ədəbiyyatların tərcümə olunaraq təhsil ocaqlarına paylanması barədə tapşırıqlar verib.

Binada istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, yaşıllıq sahəsi salınıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: