Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 27-də Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin qorunması və artırılması istiqamətində sistemli tədbirlər görülür, meliorasiya və irriqasiya işləri diqqətdə saxlanılır. Hər il müasir hidrotexniki qurğular tikilərək istifadəyə verilir, mütərəqqi əkin və suvarma üsullarının tətbiqi ilə torpaqların münbitlik göstəriciləri və su təminatı yaxşılaşdırılır, deqradasiyaya məruz qalan torpaq sahələrinin sahəsi azaldılır.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin".