Prezident İlham Əliyev Əfqanıstanın milli təhlükəsizlik müşavirini və Prezident Administrasiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Əfqanıstan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Əfqanıstan Prezidentinin münaqişənin ilk günlərindən Azərbaycana verdiyi siyasi dəstək və Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi yüksək qiymətləndirildi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq əlaqələrimizin inkişafında əldə olunan nailiyyətlər qeyd edildi, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan və Əfqanıstan prezidentlərinin şəxsi münasibətlərinin əlaqələrimizin inkişafında rolu xüsusi vurğulanıb.

Söhbət zamanı münaqişənin bitməsinin regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında əhəmiyyəti qeyd edildi və bunun çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib.

Görüşdə iqtisadi, təhlükəsizlik, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı məsələlər də müzakirə edilib.

Milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin məktubunu dövlətimizin başçısına təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: