Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yaralı hərbçilərlə görüşüb - FOTOLAR

A- A A+

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Bu müharibədə xalqımız yüzlərlə şəhid verdi, yaralanan hərbi qulluqçularımız oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb, normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq...".

Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsi, eləcə də  onların sağlamlıqlarının bərpası diqqətdə saxlanılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşüb.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri hospitalda müalicə olunan hərbçilərin səhhəti və qidalanması ilə maraqlanıb, onlarla söhbət edib, Vətən müharibəsində göstərdikləri şücaətin qürurverici olduğunu bildirib.

Yaralı hərbi qulluqçu, "Azərbaycan bayrağı" ordenli mayor Təbriz Zeynalov öz adından və döyüş yoldaşları adından minnətdarlıq edərək deyib ki, dövlətin qayğısını daim üzərimizdə hiss edirik. Həkimlər sağlamlığımızın bərpasına hərtərəfli kömək edirlər. Biz də bu qayğıya cavab olaraq ordu sıralarına qayıtdıqdan sonra xidmətimizi yenə də uğurla davam etdirəcəyik.

Hospitalda müalicə alan yaralı hərbi qulluqçulara hədiyyələr təqdim olunub, aparılan şirniyyatlar mətbəxə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: