Naxçıvan şəhidini ehtiramla qarşılayıb - FOTOLAR
Ümummilli liderimiz Heydər Əliyev deyib: "Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir". O ordu güclüdür ki, onun vətənpərvər və peşəkar şəxsi heyəti vardır. Bu gün ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Ordusu ən müasir silah və texnikaya, yüksək döyüş qabiliyyətinə və vətənpərvər şəxsi heyətə malikdir. Elə bunun nəticəsidir ki, ordumuz düşmən təxribatının qarşısını almaq məqsədilə başladığı Vətən müharibəsində tarixi qələbə qazandı. Bu müharibədə Naxçıvandan olan igid oğullarımız əsl vətənpərvərlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 22-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhid olan hərbi qulluqçumuz Həmzəyev Mərhəmət Rizvan oğlunun üçrəngli bayrağımıza bükülən cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Şəhidimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclisin Sədri şəhidimizin xatirəsinə ehtiramını bildirib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.
Sonra "Qurani-Kərim"dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib.
Şəhidin cənazəsi doğulduğu kəndə yola salınıb.
Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.