Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.
1. 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin təsdiq edilməsi
5. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik”,- fikirlərini xatırladaraq deyib ki, ulu öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz ikinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa edib, torpaqlarımız işğaldan azad olunub, Azərbaycan düşmən üzərində böyük tarixi qələbə qazanıb. Bu qələbənin qazanılmasında yaralanıb sağlamlığını itirənlər və şəhid olanlar da olub.
Ali Məclisin Sədri Vətən müharibəsində yaralananlara şəfa diləyib, sessiyada şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.
Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış ediblər.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.
Gündəlikdə duran üçüncü məsələ - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev çıxış edib, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.
Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur.
Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunub və “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib.
Ali Məclisin Sədri sessiyanın gündəliyində duran beşinci məsələnin müzakirəsi zamanı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyasının üzvləri Naxçıvan Muxtar Respublikası Ali Vəzifəli Şəxsinin təklifinə əsasən Ali Məclis tərəfindən 5 il müddətinə seçilirlər.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Vəzifəli Şəxsinin Mərkəzi Seçki Komissiyasının üzvləri haqqında təklifinə baxılaraq təsdiq edilib.
Ali Məclisin Sədri 2020-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini Vətən müharibəsində qazandığımız böyük qələbə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib, 2021-ci ildə uğurlar arzulayıb.
Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası öz işini başa çatdırıb.