Prezident İlham Əliyev dekabrın 30-da ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək məqsədilə qərara alıram:
1. Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 210 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir".