Yeni xidmət mərkəzi ailə təsərrüfatları üçün də geniş imkanlar açır - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin gün Nüsnüs kəndində yeni xidmət mərkəzinin də açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada, əsasən, yerli sənaye və ərzaq, o cümlədən ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilir.
Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Nüsnüs kəndi tamamilə abadlaşıb, yenidən qurularaq ölkəmizin müasir kəndləri sırasına daxil olub. Burada qurulanlar kəndin bütün sakinlərinin rahatlığına xidmət edəcəkdir. Bütün bunlar dövlətimizin vətəndaşına göstərdiyi qayğının nümunəsi, dövlət-xalq birliyinin, ölkənin iqtisadi inkişafının, sabitliyin, ən əsası isə ümummilli lider Heydər Əliyev siyasətinin, yolunun davam etdirilməsinin və bu yola sədaqətin göstəricisidir. Ölkəmiz uzun illər müharibə vəziyyətində, torpaqlarımız işğal altında idi. Lakin ölkəmizin iqtisadi gücü imkan verirdi ki, həm quruculuq işləri aparılsın, həm də ordu quruculuğu sahəsində tədbirlər həyata keçirilsin, torpaqlarımız işğaldan azad olunsun. Hər bir vətəndaş ölkənin möhkəmlənməsinə, iqtisadi inkişafına, sabitliyin qorunmasına töhfəsini verməlidir. Dövlət-xalq birliyi odur ki, vətəndaş dövləti üçün səy göstərir, çalışır, dövlət də vətəndaşı üçün lazım olan şəraiti yaradır. Nəticədə, insanların yaşayış səviyyəsi yaxşılaşır. Bu gün 2300-dən artıq sakinin yaşadığı Nüsnüs qəsəbə tipli kəndə çevrilib. Kənd sakinləri qurulub-yaradılanları qorumalı, kəndin abadlığı, təsərrüfatlar, xüsusilə ailə təsərrüfatları inkişaf etdirilməli və məskunlaşma artmalıdır. Kənd məktəbində hər il birinci sinfinə daxil olan şagirdlərinin sayı onu deməyə əsas verir ki, kənddə məskunlaşma yaxşıdır. Kəndin qurulmasında, abadlaşmasında, inkişafında sakinlərin də əməyi olub. Yaradılan şərait rahat yaşayışa imkan verəcəkdir. Ona görə də qurulanlar qorunmalı, hər bir sakin ölkəmizin inkişafına töhfəsini verməlidir.
Kənd ağsaqqalı Akif Cəlilov minnətdarlıq edərək deyib: "Bu gün kəndimiz muxtar respublikamızın digər bölgələri kimi abadlaşıb, gözəlləşib. Buna bütün kənd sakinləri sevinir. Çünki bu yenilik insanların həyatında və yaşayışında da özünü göstərir. Yeni tikilən müasir məktəb, kənd və xidmət mərkəzləri, ambulatoriya, yenidən qurulan yol, qədim su dəyirmanının bərpası böyük qayğının ifadəsidir. Ordubadda ötən illərdə qurulan elektrik stansiyaları isə rayonun ümumi inkişafına öz müsbət təsirini göstərməkdədir. İndiyədək Naxçıvan şəhərinə gələndə gördüyümüz gözəlliyin eynisini bu gün kəndimizdə də görə bilirik. Ötən ildən bütün dünyada pandemiyanın geniş yayıldığı və ölkəmizin ağır müharibədən çıxdığı bir dövrdə belə geniş quruculuq işlərinin həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafının göstəricisidir. Bunlar gənclərimizin vətənpərvərlik ruhunda böyüməsinə böyük təsir göstərir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında Naxçıvandan olan hərbçilərin də göstərdiyi şücaət bunun bariz nümunəsidir. Əminəm ki, yaradılan bu şərait daha vətənpərvər və bütün sahələrdə nailiyyət əldə edəcək gənclərin yetişməsinə böyük töhfə olacaq".