Yuxarı Əndəmic kəndində xidmət mərkəzi üçün lazımi şərait yaradılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin gün yeni xidmət mərkəzinin də açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub.
Dərzi Rəsmiyyə Zamanova yaradılan şəraitə görə minnətdarlıq edərək deyib ki, 30 ildən artıqdır ki, bu sənətlə məşğul oluram. Əvvəllər şərait olmadığından evdə fəaliyyət göstərirdim. Bu gün isə müasir şəraiti olan binada dərzi otağı ayrılıb. Bu da kənd sakinlərinə bu sahədə yüksəkkeyfiyyətli xidmət göstərməyə imkan verəcəkdir.
Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Nüsnüs və Yuxarı Əndəmic müasir kəndlər sırasına qoşulur, yeni obyektlər istifadəyə verilir. Aşağı Əndəmic də daxil olmaqla, digər işlər də ilin sonuna qədər başa çadırılacaqdır. Abadlıq işlərinin aparılması ölkəmizdə dövlət siyasətinin tərkib hissəsidir. Ölkə Prezidenti cənab İlham Əliyev vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını, sabit şəraitdə yaşayışın təmin olunmasını daim diqqətdə saxlayır. Bu siyasətin bəhrələri hər kənddə görünür. Burada ailə təsərrüfatları formalaşmışdır ki, bu da sakinlərin yaşayışını təmin etməklə bərabər, ölkənin inkişafına da töhfə verir. Bütün bunlar ona görə həyata keçirilir ki, insanlar rahat yaşasın, kəndlər abadlaşsın və məskunlaşma artsın, dövlət-xalq birliyi davam etdirilsin.
Ali Məclisin Sədri kənd sakinlərini təbrik edib, dövlət-xalq birliyinin nəticəsi olan birgə fəaliyyətin ölkənin gələcəyinə xidmət edəcəyinə əminliyini bildirib.
Kənd ağsaqqalı Fərrux Nağızadə minnətdarlıq edib, fikirlərini müəllifi olduğu şeirlə çatdırıb:
Dağların qoynunda yatır kəndimiz,
Havası təmizdir, suyu əvəzsiz.
Bu kənddə səliqə-sahman görərsiz,
Bu bölgənin incisidir Əndəmic.
Kəndimizdə görülən işlər böyük zəhmət tələb edən işlərdir. Kənd sakinləri bu işləri çox yüksək qiymətləndirir və dövlətimizin qayğısını razılıqla qarşılayırlar. Mən bu yaşıma qədər kəndimizdə heç vaxt belə şərait görməmişdim. Bu gün istifadəyə verilən sosial obyektlər təbiəti gözəl olan kəndimizə ikiqat gözəllik bəxş edir. Biz də yaradılan şəraitdən istifadə edərək kəndin inkişafında fəallıq göstərəcəyik.
Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi ilə bağlı tapşırıq verib.
* * *
Nüsnüs və Yuxarı Əndəmic kəndlərində abadlıq işləri də aparılıb. Yuxarı Əndəmicdə 100 metr fiber-optik, hər iki kənddə, ümumilikdə 2095 metr yeraltı rabitə xətləri çəkilib, 5350 metr uzunluğunda izolyasiyasız hava elektrik xətləri izolyasiyalı elektrik xətləri ilə əvəz olunub. 146 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 11624 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılıb. Həmçinin kəndlərdə 1970 metrlik dəmir boru ilə çəkilmiş mövcud içməli su xətləri plastik borularla əvəz edilib.