Naxçıvan Dövlət Universitetində yeni mərkəz, kabinə və laboratoriyalar yaradılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetində yeni yaradılmış mərkəz, kabinə və laboratoriyalara baxıb.
Bildirilib ki, Ali Məclis sədrinin tapşırığı ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Diplomatiya mərkəzi” və “Kriminalistika” laboratoriyası, Pedaqoji fakültədə “Texnologiya mərkəzi” və “Atıcılıq mərkəzi”, Memarlıq və mühəndislik fakültəsində “Robototexnika” laboratoriyası, Tibb fakültəsində “Əczaçılıq Simulyasiya” kabinəsi və Sosial Xidmət Mərkəzində “Yaşıl əczaxana” yaradılıb.
“Əczaxana Simulyasiya” kabinəsi Azərbaycanda bu adda ilk dəfə təşkil olunub. Burada farmakologiya, əczaçılıq işinin təşkili və digər fənlərin tədrisində əyani vəsaitlərlə birbaşa işləmə və simulyasiyalar vasitəsilə peşə bacarıqlarının formalaşdırılması həyata keçirilir. Əczaxana modelində qurulan kabinədə dərman maddələrinin, dərman preparatlarının və tibbi ləvazimatların saxlanılması, dərmanların hazırlanması və təqdim olunma üsulları tələbələrə əyani şəkildə nümayiş olunur. Həmçinin həkimlər tərəfindən yazılan resept nüsxələrinin qəbulu, dərman preparatlarının verilməsi, onların istifadə qaydalarının izah edilməsi işləri aparılır. Kabinədə tələbələrə dərmanların rəflərə farmakoloji qruplara uyğun düzülüşü qaydaları, saxlanılması şəraiti öyrədilir. “Stomatoloji Simulyasiya” kabinəsi də bu ixtisas üzrə tədrisin yüksək səviyyədə qurulmasına xidmət edir.
Məlumat verilib ki, Azərbaycan ali təhsil ocaqları arasında bir ilk olan “Diplomatiya mərkəzi” müasir təhsil infrastrukturu komponenti kimi xüsusi əhəmiyyətə malikdir. Mərkəzin yaradılmasında əsas məqsəd universitetdə beynəlxalq münasibətlər üzrə yüksək ixtisaslı kadr hazırlığı sahəsində tədris prosesinin informasiya-metodik təminatını təkmilləşdirmək, onun səmərəliliyini və keyfiyyətini yüksəltməkdən ibarətdir. “Diplomatiya mərkəzi” tələbə, magistrant və doktorantlar, habelə müəllimlər və mütəxəssislər, ümumiyyətlə beynəlxalq münasibətlər, diplomatiya, beynəlxalq siyasət və tədqiqatçılar üçün nəzərdə tutulub. Ənənəvi tədris və təlim vasitələri ilə yanaşı, mərkəz ən müasir informasiya texnologiyaları vasitələrilə də təmin edilib. Mərkəzdə elektron lövhə, polikam kamera, masaüstü mikrofonlar, səs gücləndiricilər və digər elektron avadanlıqlar quraşdırılıb.
Ali Məclisin sədri universitet əməkdaşlarının müxtəlif elmi jurnallarda dərc olunan məqalələrindən ibarət sərgiyə baxıb.
Beynəlxalq Münasibətlər və Hüquq Fakültəsinin Məhkəmə Ekspertizası və Kriminalistika Laboratoriyası məhkəmə ekspertizası və kriminalistika fənlərinin tədrisini və beynəlxalq təhsil standartının müddəalarını yüksək səviyyədə həyata keçirmək üçündür. Laboratoriyanın əsas vəzifəsi təcrübi məşğələlərin səmərəliliyini artırmaq, nəzəri bilikləri möhkəmləndirmək və tələbələrin praktik olaraq bacarıq və vərdişlərinin formalaşmasında baza rolunu oynamaqdır. Burada tələbələrə izlərlə işləmək, texniki və məhkəmə alətlərindən düzgün istifadə və davranma vərdişləri aşılanır, habelə onların istintaq hərəkətlərinin həyata keçirilməsində bilik və bacarıqları inkişaf etdirilir. Laboratoriyada tədqiqat obyektini və hər hansı predmeti 50 dəfəyədək böyütmə imkanı olan steromikroskop, əl və barmaq izlərini aşkarlamaq üçün xüsusi vasitələr, müxtəlif ölçülü və müxtəlif təyinatlı böyüdücü zərrəbinlər, kəskin iyli maddələrlə işləmək üçün respiratorlar, 150 millimetr müxtəlif formalı obyektlərin dəqiq ölçülməsi üçün istifadə edilən digital ştangenpərgar, lyuminensiya karandaşı, ultrabənövşəyi lampa, əlcəklər və ayaq izlərinin götürülməsini təmin edən gips və əyani vəsaitlər, digər əşya və materiallar vardır.
Ali Məclisin sədri kriminalistika ilə bağlı xarici ədəbiyyat nümunələrinin tərcümə olunaraq istifadə edilməsi ilə bağlı tapşırıq verib.
Ali Məclisin sədri Pedaqoji fakültədə yaradılan “Atıcılıq mərkəzi”nə və “Texnologiya mərkəzi”nə də baxıb. “Texnologiya mərkəzi”ndə Kulinariya, Toxuculuq və Tikiş texnologiyaları kabinələri, metal və ağac emalı üzrə emalatxana vardır. Burada tələbələrin əl vərdişlərinin təkmilləşdirilməsi üçün hərtərəfli şərait yaradılıb.
“Yaşıl əczaxana” universitetin Tibb fakültəsinin Əczaçılıq, Fitoterapiya və Biokimya laboratoriyalarında aparılan tədqiqatlar əsasında apiterapiyaya və fitoterapiyaya əsaslanan və tamamilə yerli təbii məhsullar əsasında təşkil olunub. “Yaşıl əczaxana”nın yaradılmasında əsas məqsəd yerli məhsulların tədqiqi fonunda elmi və alternativ tibbə əsaslanan müxtəlif müalicəvi vasitələrin istehsalı, tanıdılması və satışının təşkil olunmasıdır. Burada apiterapiyaya əsaslanan 15 adda məhsul, 40 və 250 qramlıq qablarda qablaşdırılmış təbii Naxçıvan balı, arı vərəmumu spreyi, vərəmum ekstraktından hazırlanan 10, 15 və 20 faizli damlalıqlar, çiçək tozcuğu, 5 adda müxtəlif bitkilərin maye çıxarışları, 3 adda efir yağı, universitetin əczaçılıq ixtisası üzrə təhsil alan tələbələri tərəfindən hazırlanan 5 adda kimyəvi preparatlar və digər məhsullar vardır.
Bildirilib ki, “Robototexnika” laboratoriyasının yaradılmasında məqsəd tələbələrin nəzəri biliklərinin praktik olaraq həyata keçirilməsidir. Burada tələbələr sərbəst işlərini, kurs işi və layihələrini hazırlamaq üçün bilik və bacarıqlarını inkişaf etdirirlər. Startup layihələrinin həyata keçirilməsi üçün də burada hərtərəfli şərait yaradılıb. Təyin olunmuş layihələr əsasında tələbələrə proqramlaşdırma və elektronika üzrə kurslar təşkil olunur.
Ali Məclisin sədrinə tələbələrin əl işlərindən ibarət “Ağıllı ev”, “Sürücüsüz avtomobil”, “Sensorlu təmizlik qutusu” adlı və digər layihələr təqdim olunub.
Ali Məclisin sədri muxtar respublikada yeni texnologiyaların tətbiqinin genişləndiyini bildirib, bu sahədə yerli mütəxəssislərin, xüsusilə də proqram təminatçılarının yetişməsinin vacibliyini qeyd edib, yeni yaradılan mərkəz, kabinə və laboratoriyalardan düzgün istifadə olunması barədə tapşırıqlar verib.