Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 11-də Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasında yaradılan şəraitlə tanış olub.

Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsin direktoru Hikmət Əhmədov məlumat verərək deyib ki, muxtar respublikanın davamlı  inkişafı  teleradio yayımı sahəsini də əhatə edib, rəqəmsal televiziya şəbəkələrinin tətbiqi ilə əlaqədar mühüm layihələr həyata keçirilib. Nəticədə muxtar respublikada telekommunikasiya sahəsi müasir tələblər səviyyəsində qurulub. Bu gün Sədərək Radio Televiziya Ötürücü Stansiyasının yeni müasir bina ilə təmin olunması da görülən işlərin davamıdır. Hikmət Əhmədov muxtar respublikada telekommunikasiyanın inkişafına göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə  minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni stansiyanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Sədərək rayonunu əhatə edən radio-televiziya ötürücü stansiyası istifadəyə verilir. Bununla da rayon ərazisində teleradio yayımının keyfiyyəti yaxşılaşacaqdır. Teleradio yayımı əhəmiyyətli məsələdir. Ona görə də muxtar respublikada televiziya kanallarının paket formasında yayımı həyata keçirilir. Çünki teleradio yayımının düzgün tənzimlənməsi həm də milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Hazırda bir çox ölkə beynəlxalq qanunlara əhəmiyyət vermədən televiziya verilişlərini öz sərhədlərindən kənara da yayımlayır. Bu da ölkədaxili televiziyaların yayımına, eyni zamanda milli-mənəvi dəyərlərin aşılanmasına təsir edir. Əhalini bu təsirlərdən qorumaq üçün muxtar respublikada müasir ötürücü stansiyalar qurularaq teleradio yayımı həyata keçirilir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada ötən illərdə bu sahədə xeyli işlər görülüb, 2014-cü ildən rəqəmsal yayıma keçilib, verici stansiyalar yenidən qurulub, müasir avadanlıqlarla təmin olunub. Sədərəkdə avtomat kökləmə sistemi ilə təchiz edilən FM verici avadanlıqları quraşdırılıb. Bu avadanlıqlar  bütün muxtar respublika ərazisində qurulmalıdır. Naxçıvan dağlıq ərazidə yerləşir. Buna görə də monitorinqlər aparılmalı, hansı ərazidə siqnallar zəifdirsə, paket şəklində təqdim olunan kanallar məhduddursa, həmin ərazilərdə tədbirlər görülməlidir ki, əhali ölkəmizdə yayımlanan televiziya və radio verilişlərinə baxa və dinləyə bilsinlər. Bunun üçün lazımi şərait vardır. Dövlət tərəfindən bu işlərin həyata keçirilməsinə lazımi dəstək göstərilir. Aid təşkilatlar da bu işlərə məsuliyyətlə yanaşmalı, vericilər müasir tələblərə cavab verməli, avtomatik kökləmə sistemləri ilə təmin olunmalı, muxtar respublika ərazisində yayım keyfiyyəti yüksəldilməlidir. Ölkənin təbliğatı və əhalinin məlumatlandırılması media üzərindən aparılır. Eyni zamanda gənc nəslin vətənpərvər və milli dəyərlərə sadiq yetişməsində də televiziya və radiolar mühüm əhəmiyyət kəsb edir. Son 2 ildə Naxçıvan Dövlət Televiziyasına ümumi dəyəri 500 min manata yaxın olan avadanlıqlar alınıb. Bütün bunlar keyfiyyətin yüksəldilməsi üçün edilib. Artıq əhali keyfiyyətli verilişlərə baxa bilir.

Ali Məclisin Sədri deyib: Bu gün Sədərəkdə istifadəyə verilən stansiya müasir avadanlıqlarla təmin olunub. Müasir avadanlıqlar isə yeni mütəxəssislərin yetişməsini və onların işə müasir yanaşmasını təmin edəcəkdir. Yaxşı iş şəraiti burada çalışanlar üçün də rahatlıq deməkdir. Ona görə də qurulub-yaradılanlar qorunmalı, işə məsuliyyətlə yanaşılmalı və ərazidə keyfiyyətli teleradio yayımı həyata keçirilməlidir.

Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının mexaniki Elşən Səfərli kollektiv adından minnətdarlıq edərək deyib: "Bu gün muxtar respublikanın sərhəd rayonu olan Sədərəkdə belə bir stansiyanın istifadəyə verilməsi kollektivimizlə yanaşı, bütün əhalinin sevincinə səbəb olub. Biz yeni, rahat iş şəraitinə malik bina ilə təmin olunuruqsa, ötürücü stansiyanın istifadəyə verilməsi ilə sədərəklilərin televiziya verilişlərinə kefiyyətli şəkildə baxmaları təmin edilir".

Stansiyaya baxış zamanı məlumat verilib ki, muxtar respublikada 6 ötürücü, 44 azgüclü verici stansiya fəaliyyət göstərir. Hazırda muxtar respublikanın bütün ərazisi rəqəmsal yayımla əhatə olunub. Sədərək Radio-Televiziya Ötürücü Stansiyasında radio-televiziya vericiləri, efirə nəzarət, mühəndis, server, mətbəx və digər iş otaqları vardır. Efirə nəzarət otağında radio proqramlarının monitorinqi üçün radioqəbuledici, 3 monitor, texniki şkaf quraşdırılmış, muxtar respublikada ilk dəfə olaraq stansiyada 12 kanalın bir monitorda izlənməsinə imkan verən proqram təminatlı "Multiview" sistemi istismara verilib.  

Stansiyada 2 enerji tənzimləyicisi, generator, rəqəmsal televiziya vericisi, İtaliyanın “Elenos” şirkətinin istehsalı olan avtomatik kökləmə sistemi ilə təchiz edilib, 3 yeni FM verici, fiber-optik sonlandırma avadanlıqları, Azercell, Naxtel, Azərconnect mobil operatorlarının baza stansiyaları quraşdırılıb. 75 metrlik qüllədə isə mobil operatorların baza stansiyalarının, rəqəmsal televiziya və radio vericilərinin anten-fider sistemləri, radio-rele linklərinin verici-qəbuledici avadanlıqları qoyulub.

Ali Məclisin Sədri muxtar respublikada televiziya və radio yayımlarının keyfiyyətinin artırılması sahəsində işlərin davam etdirilməsi və yeniliklərin tətbiqi barədə tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: