Sədərək rayonunda Bayraq Meydanı yaradılıb - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır..." Ulu öndərin ideyalarına sadiqlik nümayiş etdirən ölkə başçısı dövlət rəmzlərini və atributlarını daim uca tutur, ölkəmizin hər yerində bayraq meydanları yaradılır, əzəli Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalandırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 11-də Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib, yaradılan şəraitlə tanış olub.

"Sədərək rayonundakı Bayraq Meydanında üçrəngli bayrağımız İkinci Qarabağ müharibəsində qazanılan qələbə və şəhidlərin xatirəsinə qaldırılır", - deyən Ali Məclisin Sədri qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.

Məlumat verilib ki, Sədərək rayonunda Bayraq Meydanının tikintisinə 2020-ci ilin aprel ayında başlanılıb. Bayraq dirəyinin hündürlüyü 33,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Bayraq dirəyinin oturacağı siyanit plitələrlə üzlənib. Sahəsi 6 min 312 kvadratmetr olan meydanda geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub, dekorativ ağac və gül kolları əkilib.

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov minnətdarlıq edərək deyib: "Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ideyaları bu gün Naxçıvanda uğurla həyata keçirilir. Dövlətimizin qayğısı nəticəsində 30 il əvvəl müharibə şəraitində yaşayan Sədərək rayonu artıq müasirliyə qovuşub, burada insanların rahatlığı və sabitliyi üçün hərtərəfli şərait yaradılıb. Müstəqilliyimizin rəmzi olan Bayraq Meydanı isə burada böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyətə malikdir. Çox qürurvericidir ki, bu gün burada dalğalanan bayrağımız ötən il işğaldan azad olunmuş rayonlarımızda da dalğalanır".

Ali Məclisin Sədri deyib ki, Sədərək rayon kimi formalaşır, əhalinin yaşayışı yaxşılaşır, imkanlar artır. Dəmirçi kəndinin rayona birləşdirilməsi kadr və investisiya potensialını yaxşılaşdıracaq, rayonun gəlirlərini artıracaqdır. Bütün bunlar Sədərək rayonunun inkişafına xidmət edir. Burada qəsəbənin qurulması, su-kanalizasiya sistemlərinin çəkilməsi, əhalinin içməli su ilə təminatı, infrastrukturun yenilənməsi, əkinəyararlı olmayan torpaqların əkin dövriyyəsinə qatılaraq istifadəyə verilməsi muxtar respublika üçün əhəmiyyətli olan bu rayonun inkişafına səbəb olub.

Ali Məclisin Sədri Bayraq Meydanında abadlığa və təmizliyə nəzarət olunması, yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar verib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: