Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 12-də “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafının təmin edilməsi məqsədilə qərara alıram:
1. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin".