Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına məlumat verdi ki, nazirlik “ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular.
Daimi qaz, su və işıqla təchiz edilən mənzillər yüksək səviyyədə təmir olunub, bütün zəruri avadanlıq, o cümlədən mətbəx mebeli quraşdırılıb. Bundan başqa, mənzillərdə kombi sistemi də qurulub.
Sonra dövlətimizin başçısı əlil və şəhid ailələrinin üzvləri ilə görüşdü.
Prezident İlham Əliyev mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim etdi.
Ümumilikdə, 136 vətəndaşa “Khazar LX” avtomobili verildi. Onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən Müharibəsi və Çernobıl əlilləridir. “Khazar LX” avtomobilləri Neftçala Sənaye Parkında fəaliyyət göstərən “Azərmaş” MMC tərəfindən istehsal olunub. Sosial məsuliyyət prinsipləri çərçivəsində şirkət əlavə olaraq 3 avtomobil də təqdim etdi.
Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət məsələlərinin həllini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının tapşırığı ilə bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə icra olunan layihələr nəticəsində həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Dövlətin bu sahədə gördüyü işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur. Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi də Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanlara göstərdiyi dövlət qayğısının növbəti nümunəsidir.
Sonda xatirə şəkli çəkdirildi.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.