YUNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən YUNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurmuş və təşkilatın fəaliyyətinə öz töhfəsini vermişdir. 2013-cü ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir YUNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməkdədir.
Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə etmişdir. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Sərəncamda qeyd edilir ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun–10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Təşkilat Komitəsinin üzvləri
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasının sədri
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə Səfiri, YUNESKO üzrə Milli Komissiyasının Baş katibi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini.
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.