“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
Proqramının əsas vəzifələri tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkarlanması və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, müvafiq tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatının yaxşılaşdırılması, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə aparılan maarifləndirmə işinin gücləndirilməsidir.
Sərəncamda Səhiyyə Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Proqramın icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.