Prezident İlham Əliyev iyulun 26-da Elin Süleymanovun Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elin Emin oğlu Süleymanov Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".
Dövlət başçısının digər Sərəncamı ilə Elin Emin oğlu Süleymanov Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.