Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşüb - FOTOLAR

1267

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”ndə iştirak etmək üçün muxtar respublikada səfərdə olan Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə və Naxçıvanın türk dünyası üçün əhəmiyyətinə diqqəti çəkib, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin muxtar respublikada təşkilinə görə təşəkkürünü bildirib. Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında gənclərlə işin prioritet sahələrdən biri olduğunu vurğulayan Ali Məclisin Sədri bu istiqamətdə görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Naxçıvanda gənclərin təhsilli və sağlam böyüməsi diqqətdə saxlanılır, onlar dövlət quruculuğu işində fəal iştirak edirlər.

Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün və Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirildiyini xatırladan Ali Məclisin Sədri “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin də gənclər arasında qarşılıqlı əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyə Gənclik Vəqfinin baş direktoru Enes Eminoğlu səmimi qəbula və göstərilən diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” barədə məlumat verib. Hər iki ölkədən 200-dən artıq gəncin iştirak etdiyi düşərgədə müxtəlif tədbirlərin keçiriləcəyini, gənclərin Naxçıvanla ətraflı tanış olacaqlarını bildirən Enes Eminoğlu gənclər arasında qarşılıqlı tədbirlərin bundan sonra da mütəmadi davam etdiriləcəyini diqqətə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: